"Çətin oyun idi. Amma qalib gələ bildik. Sonadək vuruşduq. Kişi kimi oynayırdıq. Doğrudan da əla təsir bağışlayırdıq. Komandamı təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in futbolçusu Pərdis Fərcad-Azad "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra deyib.
Cənubi azərbaycanlı hücumçu bildirib ki, "Qarabağ"ın necə komanda olduğu hamıya bəllidir: "Rəqib də qəşəng futbol sərgiləyir. Bunu hamı bilir. Amma biz də yüksək əzmkarlıqla istəyimizə nail olduq. Futbol oynadıq, qollar vurduq, vuruşduq. Bir sözlə, qələbə üçün hər şeyi etdik".
Fərcad-Azadın fikrincə, bu qələbə "İnter"in gələcək oyunlara motivasiya olunması baxımından yaxşı başlanğıc olacaq: "Güclü olduğumuzu bilirik. Hər mövqedə güclü oyunçularımız var. Ümidvaram ki, belə də davam edəcəyik".
28 yaşlı forvard meydana ikinci hissədə daxil olub. Elə "İnter" də geridə olduğu matçda qolları fasilədən sonra vurub. Fərcad-Azad qələbə topunu vurduqları epizodda məhz özünə qarşı kobudluqdan sonra cərimə zərbəsinin təyin olunduğunu xatırladıb: "Buna görə çox şadam. Komandama kömək etmək istəyirəm. Meydanda üzərimə düşən işi görməyə çalışıram. Məşqlərdə başımı aşağı salıb işləyirəm. Hər şey göz qabağındadır".
"İnter"in oyunçusu "Qəbələ" ilə keçirəcəkləri növbəti tur qarşılaşmasının çətin olacağını, amma yenə ev oyununa yüksək motivasiya və qələbə üçün çıxacaqlarını əlavə edib.