Azərbaycan Premyer Liqasının II turunun "Kəpəz" - AZAL qarşılaşmasından sonra gəncəlilərin mətbuat xidmətinin rəhbəri Azad Mustafayev media mənsublarından gileylənib. Sportnet.az-ın məlumatına görə, klub sözçüsü jurnalistlərin Nizami yurduna kütləvi şəkildə gəldiyi zaman qalib gələ bilmədiklərini səbəb göstərib.
Mustafayev deyəsən, Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşır ki, bir daha Gəncəyə səfər etməsinlər. Ancaq o, dediklərinin yarızafat olduğunu da hiss etdirib: "PFL-ə bu nəcib addıma görə təşəkkürümüzü bildiririk. Mövsüm ərzində 2-3 dəfə bu sayda media mənsubunu doğma şəhərimizdə keçirilən mətbuat konfransına görə bilirik. Ancaq bizim üçün bir xoşagəlməyən məqam var ki, jurnalistlər Gəncəyə gələndə "Kəpəz" qələbə qazana bilmir. Bununla belə, sizi yenə Gəncədə görməyə şadıq".
Qeyd edək ki, "Kəpəz" - AZAL matçı qolsuz bərabərliklə nəticələnib.