21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığma komandasının yer aldığı 7-ci qrupda bir oyun keçirilib. Sportnet.az-ın məlumatına görə, Farer adaları Rusiyanı qəbul edib.
Matç rusların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da xallarının sayını 7-yə çatdıran şimal qonşularımız turnir cədvəlində millimizi çatıb. Lakin şəxsi oyunlardakı üstünlüyə görə Yaşar Vahabzadənin komandası hazırda qrupda 4-cü, ruslar isə 5-cidir. Belə ki, Azərbaycan Rusiyaya evdə 3:0 hesabı ilə qalib gəlib, səfərdə isə bərabərliyə qalıb - 2:2. Göründüyü kimi, ruslara uduzmayaraq ondan 4 xal almışıq.
Ancaq onu da nəzərə alaq ki, Rusiya yığmamızdan 1 oyun az keçirdiyindən bizi qabaqlamaq imkanına malikdir. Son pilləni tutan Farer adaları isə ardıcıl 8-ci oyunda uduzmaqla xala həsrətdir.
Qeyd edək ki, 21 yaşlılarımız qrupdakı növbəti matçını sentyabrın 6-da Bakıda məhz Farer adalarına qarşı keçirəcək.











































































