Azərbaycan Premyer Liqasının 4-cü turunda bu gün keçirilən "Qarabağ" - AZAL oyununu izləyənlər araısnda Çexiyanın "Slovan" klubunun Yaroslav Kötsl olub. Sportnet.az-ın məlumatına görə, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki ilk təmsilçisi olan Liberetst təmsilçisinin məşqçisi "Əlincə Arena"da jurnalistlərin suallarını cavablandırıb.
- İlk hissədən sonra "Qarabağ" 3:0 hesabıyla öndədi. Bu hesab sizi qorxutmur ki?
- "Qarabağ"ın güclü komanda olduğunu bilirdim. Bu komandada Reynaldo, Dani Kintana, Almeyda kimi güclü futbolçular var. Ən əsası isə komanda daxili anlaşma yüksək səviyyədədi.
- Sizcə, "Qarabağ" - "Slovan" oyununun favoriti kimdir?
- Əlbəttə, mən "Slovan"ı favorit kimi görürəm. Ancaq "Qarabağ"ın "Viktoriya" ilə oyunlarını izləmişəm. Həmin oyunlarda "Qarabağ" çox güclü təsir bağışlamışdı.
- Demək olar ki, "Qarabağ"la oyunda "Viktoriya"nın bəxti gətirdi?
- Bəli, həm də çox (gülür). Düşünürəm ki, "Viktoriya" ilə Bakıdakı oyunda "Qarabağ" əlinə düşən fürsətlərdən yararlansaydı, mərhələni keçəcəkdi. Xüsusilə, Migel ikinci hissədəki qol vəziyyətini dəyərləndirsəydi, "Viktoriya" üçün hər şey bitmişdi.
- Sizcə, qrupda favorit kimdir?
- Əlbəttə, favorit "Fiorentina"dı. Qrupda bizi maraqlı oyunlar gözləyir. Florensiyaya, Bakıya səfər çox maraqlı olacaq. Bakı çox gözəl şəhərdir.
- "Qarabağ"la ilk oyunun Bakıda keçirilməsini "Slovan" üçün üstünlük saymaq olar?
- Bəli. Ancaq "Qarabağ" evdə çox yaxşı oynayır. Düzdü, bizimlə oyun Tofiq Bəhramov adına Respublika stadionunda yox, daha kiçik "Dalğa Arena"da olacaq. Amma fikrimcə, "Qarabağ" azarkeşləri bu stadionda da möhtəşəm atmosfer yaradacaqlar.
- "Qarabağ"ın hansı futbolçularını "Slovan"da görmək istəyərdiz?
- Riçard Almeydanı. Həmçinin Coşqun Diniyev və Reynaldonu da "Slovan"da görmək istəyərdim.
- "Qarabağ"la iki oyunda neçə xal qazanmağı planlaşdırırsız?
- 6 xal.
Mənbə: Komanda.az