"Yaxşı hazırlıq keçmişik. İlk dəfə iştirak edəcəyimiz dünya çempionatına hazırıq".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Milton Luis Ziller Junior Kolumbiyada start götürən mundial barədə danışarkən deyib.
FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında braziliyalı mütəxəssis Mərakeşlə ilk oyundan qalib ayrılmaq istədiklərini bildirib: "Rəqibimizin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Mərakeş haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadır. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilirlər. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir".
Miltinyo dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib: "Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdır”.
Qeyd edək ki, Mərakeşlə oyun Bakı vaxtı ilə bu gecə Bakı saat 03:00-da başlanacaq. Oyun Medelyin şəhərindəki "Coliseo Ivan de Bedout" arenasında təşkil olunacaq.