Azərbaycan milli çempionatının iştirakçısı olan tanınmış rusiyalı futbolçu Artyom Bezrodnı dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, İmişlinin "MKT-Araz” klubunun sabiq yarımmüdafiəçisi bu gün 37 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmır.
Rusiya milli komandasında 1 oyun keçirən Bezrodnı ilk peşəkar klubu olan Moskva "Spartak”ında çıxışı ilə tanınıb. O, 2005-ci ilin aprelində ölkəmizə gələrək "MKT-Araz”la 1 illik müqavilə imzalayıb. Ancaq İmişli klubunda 4 oyun keçirəndən sonra mayda naməlum səbəblərdən klubun düşərgəsini tərk edib. "MKT-Araz" buna görə FİFA-ya şikayət etməyə hazırlaşdığı vaxt futbolçu rəhbərliklə əlaqə saxlayaraq vəziyyəti izah edib. Bəziləri səbəb kimi Artyomun Rusiyada həqiqi hərbi xidmət keçməsini, bəziləri isə narkotik probleminin olduğunu göstərib.
Daha bir səbəb kimi futbolçunun alkoqola aludə olduğu bildirilirdi. Hər halda, Artyomun belaruslu komandası yoldaşı Boris Karasyovla birgə İmişli qəbiristanlığında sərxoş yatmış halda tapıldığı haqda söz-söhbətlər geniş vüsət almışdı. Hərçənd, futbolçu sonradan bütün bunları təkzib edərək, doğulduğu Ukraynanın Sumı şəhərinə həyat yoldaşı ilə birgə yollandığını və xarici pasporta görə Azərbaycana qayıda bilmədiyini açıqlamışdı.