Bu gün Azərbaycan futbolu tarixində əlamətdar bir gündür. Sportnet.az-ın məlumatına görə, ölkəmizin 1994-cü ildən təmsil olunduğu avrokuboklarda qrup mərhələsində debütü məhz sentyabrın 20-da baş verib. 2012-ci ildə qeydə alınan həmin olayın 4 ili tamam olur.
Bu, Avropa Liqasının qrupunda Serbiyanın "Partizan” klubu ilə səfər matçıdır. Sentyabrın 20-da ölkəmizdə Neftçilər günü bayram kimi qeyd olunduğu vaxtda neftçilərin eynialdı təmsilçisi Belqradda tarixi debütü gerçəkləşdirib və mübarizəyə xalla başlayıb – 0:0.
Çexiyalı Libor Kovarikin idarə etdiyi matç 2012/2013 mövsümündə Avroliqanın qrup mərhələsinin ilk turu idi. Baş hakim bu matçda hər komandadan 3 nəfər olmaqla, ümumilikdə 6 futbolçuya sarı vərəqə göstərib. "Neftçi”dən cəzalananlar legionerlər - paraqvaylı yarımmüdafiəçi Erik Ramos (41-ci dəqiqə), braziliyalı müdafiəçi Bruno Bertuççi (73-cü dəqiqə) və serbiyalı qapıçı Saşa Stamenkoviç (75-ci dəqiqə) olub. Yeri gəlmişkən, Stamenkoviç vətənində, həmyerlilərinə qarşı oynasa da, "Partizan”ın əzəli rəqibi "Srvena Zvezda”nın yetirməsi olduğuna görə heç də yaxşı qarşılanmayıb. Belqrad stadionunda Bakı vaxtilə saat 23:05-də başlayan matçın gərgin keçməsi daha çox Stamenkoviçlə bağlı olub. "Partizan”ın futbolçuları ilə onun arasında meydanda bir neçə dəfə gərginlik yaşanıb. Bu azmış kimi, azarkeşlər Stamenkoviçlə bağlı xoşagəlməz pankartlar qaldırıblar, hətta yazdıqları şüarlarda onu "meymun” adlandırıblar. Saşa baş verənlərə biganə qalmayıb və sonda özünə də sarı vərəqə göstərilib.
"Neftçi”də həmin tarixi görüşün iştirakçılarından çox az adam qalıb. Prezident Sadıq Sadıqovun başçılıq etdiyi rəhbərlikdən, Böyükağa Hacıyevin başçılıq etdiyi məşqçilər korpusundan indi heç kim yoxdur. Futbolçulardan isə cəmi 2 nəfəri qeyd edə bilərik. Bunlardan biri kapitan Araz Abdullayevdir ki, həmin vaxt daha çox ehtiyatda qalırdı. Təsadüfi deyil ki, Araz "Partizan”la matçda 78-ci dəqiqədə meydana daxil olub. Əsas heyətdə yer alaraq 58-ci dəqiqədə əvəzlənən digər yarımmüdafiəçi Cavid İmamverdiyev isə indi daha çox ehtiyatda qalır.
"Neftçi” həmin il qrupda çıxışını qələbə qazana bilməyərək mübarizəni 3 heç-heçə sayəsində 3 xalla qrup sonuncusu kimi başa vurub. Digər 2 xal "Partizan”la Bakıda 1:1, "İnter”lə Milanda 2:2 hesablı bərabərliklərlə qazanılıb.
Qeyd edək ki, ölkəmiz artıq 4-cü mövsüdür qrupda təmsil olunur. "Qarabağ” 2014-cü ildən etibarən son 3, "Qəbələ” son 2 mövsümdür Avropa Liqasının əsas mərhələsində təmsilçimizdir. Hələ ki Çempionlar Liqasının qrupuna düşə bilməyən Azərbaycan klubları Avroliqada qrupdan da çıxa bilməyib.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.