Sabah Azərbaycan Premyer Liqasında III turdan təxirə salınan bir oyun keçiriləcək. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” ardıcıl 2-ci ev oyununda "Sumqayıt”la görüşəcək. Roman Qriqorçukun komandası 4 aylıq fasilədən sonra doğma məkanda ilk matçında AZAL-a 3:0 hesabı ilə qalib gəlib.
Budəfəki rəqib son pillədə olmasa da, hər halda, turnir cədvəlində axırlarında qərarlaşan komandadır. Üstəlik, "Qəbələ” 2011-ci ildən "Sumqayıt”la keçirdiyi bütün ev matçlarında qalib gəlib ki, bunların son 3-ü quru hesabla olub. Bu azmış kimi, sumqayıtlılar rəqibini son 11 oyunda məğlub edə bilməyib. "Sumqayıt” "Qəbələ” ilə keçirdiyi 16 matda yalnız 1 dəfə qlaib gəlib kki, bu da rusiyalı Yuri Syomin baş məşqçisi olduğu 2013/14 mövsümünün ilk dövrəsində 1:0 hesabı ilə olub.
Göründüyü kimi, "qırmızı-qaralar”ın bu matçda 3 xal qazanmaq şansı çoxdur. Roman Qriqorçukun komandası buna nail olarsa, turnir cədvəlində 1-ci pilləyə yüksələcək. Bu isə deməkdir ki, "Qəbələ” liderliyi son 3 mövsümün qalibi olan "Qarabağ"ın əlindən alacaq.
Xatırladaq ki, "Qəbələ” – "Sumqayıt” matçı avqustun 21-də keçirilməli idi. Ancaq Peşəkar Futbol Liqası "Qəbələ” Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor” klubu ilə səfərdəki cavab oyununa daha yaxşı hazırlaşması məqsədilə "Sumqayıt"ın da razılığı ilə qarşılaşmanı təxirə saldı.
22 sentyabr
17:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ. Şəhər stadionu