"Qəbələ"nin legioneri Filipp Ozobiç Avropa Liqasının qrup mərhələsində Almaniyanın "Maynts" klubuna evdə 2:3 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib. Xorvatiyaı yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
Ozobiç ilk olaraq qarşılaşma haqda fikirlərini bildirib...
- Uduzduğumuza görə məyusam. Ancaq neyləmək olar, bu, futboldur. Artıq 3 gün sonra çempionatda "Qarabağ"la oyunumuz var. Bu qarşılaşmanı unudub, növbəti matçda qalib gəlməyimiz lazımdır.
- Bu oyunda qələbə üçün nə çatmadı?
- Bilmirəm. Fikrimcə, məğlubiyyətə layiq deyildik. Uduzmağımızın səbəbini deyə bilmərəm. Əlbəttə, "Maynts" güclü komandadır. Hər halda, Bundesliqa təmsilçisidir.
- Ancaq "Qəbələ" bu komandaya 2 qol vurdu, hesabda irəli çıxdı...
- Bilirəm. Sadəcə, nəsə bir az çatmadı...
- Bəlkə fiziki planda çatdırmadınız?
- Yox. Biz yaxşı hazır idik. Sadəcə, rəqibin yaxşı səviyyəsi, futbolçuların ustalıq səviyyəsi var. Əlbəttə, güclü olduğunu meydanda oyunu, vurduğu 3 qolla göstərdi. Ola bilər ki. Azərbaycan çempionatında bu qədər top buraxmayasan. Ancaq Avropa Liqasında oynayanda hər səhv dərhal qol olur.
- Qapıçınız Dmitri Bezotosnı cari çempionatda hələ də qol buraxmadığı halda, qrupda hər matçda 3 dəfə topu tordan çıxarmalı olur. Deməli, çempionatlar arasında səviyyə fərqi böyükdür...
- Əlbəttə. Ancaq biz "Maynts"a qalib gələ bilərdik. Sadəcə, buna bir az ustalıq çatmadı. "Qəbələ"nin qrupda ilk qələbəsi mümkün idi.
- Səncə, "Maynts" güclüdür, yoxsa "Qarabağ"?
- "Qarabağ"ı tanısam da, hələ müqayisə edə bilmərəm. Çünki ona qarşı hələ oynamamışam. Fikrimcə, "Qarabağ" da güclü səviyyəyə malikdir. Neyləyək, Qəbələyə gedək. Üç gün sonra "Qarabağ"a qarşı yaxşı oynayaraq qalib gəlməliyik.
- Yəqin ki, qrupda belə vəziyyətdən sonra əsas diqqətinizi çempionluğu qazanmağa yönəldəcəksiniz. Belə gedişlə qrupda sonuncu yeri tutacaqsınız...
- Əlbəttə, güclü qrupdur, rəqiblərin hamısı güclüdür. Sonrakı oyunlarda yaxşı oynayıb imkan daxilində çox xal qazanmalıyıq. Onda şansımız var. Bunun üçün qalib gəlməliyik.
- "Maynts"ın baş məşqçisi qrupda ən güclü komanda "Sen-Etyen"i sayır. Səncə, qarşıdakı rəqbiniz hamıdan güclüdür?
- "Sent-Etyen"i hələ izləməmişəm. "Maynts" da güclüdür. Nə vaxt ki Sent-Etyen"ə qarşı oynayacağıq, onda gücünü görəcəyik. Bu komanadaya qalib gəlməyə çalışacağıq.