Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanovun Sportnet.az-a müsahibəsi
- Azərbaycan milli komandasının bu gün açıqlanan heyətində Rauf Əliyev də yer alıb. "İnter"in hücumçusunun uzun müddətdən sonra yığmaya çağırılmasına səbəb nə oldu?
- Rauf Əliyev əvvəllər də uzun müddət yığmada çıxış edib. Sonradan uzun müddət zədəli oldu. Zədəsini sağaldaraq, meydana qayıtdıqdan sonra da bir müddət qaneedici oyun sərgiləmirdi. Bütün futbolçular üçün yığmada bron yer yoxdur. Hansısa futbolçu yaxşı vəziyyətdə olmur, toplanış zamanı baş məşqçi və məşqçi heyətini qane etməyəndə çağırılmır. Orada günahı özlərində tapmaq lazımdır. Rauf Əliyev son oyunlarda özünü yaxşı tərəfdən göstərir, çalışır və qol vurur. Bu səbəbdən, yenidən yığmaya dəvət edildi".
- "İnter"in daha bir futbolçusu Nizami Hacıyev öz mövqeyində digərlərindən geri qalan futbolçu deyil və özü də şikayətlənmişdi ki, məni milliyə çağırmırlar...
- Millidə hamı oynamaq istəyir. Ancaq qapıçılarla birgə 25 nəfər dəvət olunur. Yığmaya hamını çağırmaq şansımız da yoxdur. Üstəlik, oyunçular mövqelərinə görə çağırılır. Həmin mövqedə oynayan yaxşı formada olan başqa futbolçular varsa, onlar dəvət edilir.
- Məsələn, həmin mövqedə kim daha yaxşı oynayır?
- Birdən-birə hamını müdafiəyə çağıra bilmərik. Həmin mövqedə olan digər futbolçular çağırılıb. O demək deyil ki, Nizami pis futbolçudur. Qərar belə verilib. Ola bilər ki, qarşıdakı oyunlarda çağırılsın.
- Ufuk Budak və Tuğrul Eratın çağırılmaması birmənalı qarşılanmır...
- Hamını çağırmaq mümkün deyil. Hər kəs yığmada oynamaq istəyir. Ancaq meydanda 11 nəfər olur. Hər şeyə diqqət yetiririk. harda oynayır, neçə dəqiqə çıxış edir. Bu oyunda ehtiyac olmadı. Oyunlarını canlı izləmək fikrimiz var. Baş məşqçimiz əvvəllər "Kayserispor"da çalışıb və o klubla əlaqələri var. Hələ sol cinahla bağlı elə də problem yoxdur. Deməzdim ki, hər şey idealdır. Ancaq bu gün üçün belədir.
- Rəşad Sadiqov da hazırda pis təsir bağışlamır. Onu orta xətt oyunçusu olduğu üçün, yoxsa yaşının çoxluğuna görə çağırmırsınız?
- Bu barədə bir söz deyə bilmərəm. Yaşına görə çağırılıb-çağırılmaması haqda düşünmürük. Siyahıda yoxdur. Bizdə yarımmüdafiəçilər var. Bu gün üçün həmin mövqedə Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov yer alıb. Belə deyək də, Rəşada bu oyunlarda ehtiyac duyulmayıb. Onun oyununa hər kəs bələddir. Ancaq yenə deyirəm, bu gün üçün ehtiyac duyulmayıb.
- İspaniya mətbuatının yazdığına görə, Eddi İsrafilov zədəlidir. Onu dəvət edəndə həmin amil nəzərə alınıb?
- Təbii ki, bunlar nəzərə alınır. Ancaq baş məşqçi özü ilə danışıb və Eddi təlim-məşq toplanışında iştirak edəcək.
- Gələcək və burada yoxlanacaq?
- Məncə, onda elə bir ciddi zədə yoxdur. Özü ilə danışıb və oynamamaq üçün ciddi zədənin olmadığını bildirib.
- Böyük ümidlərlə milliləşdirilən Ramil Şeydayevlə Emil Mahmudov öz klublarında meydana çıxmırlar. Amma Kamran Ağayev getdiyi 5-10 gündə əsas heyətdə yerini təmin edib...
- Düzdür, onların klublarında niyə oynamadıqları ilə maraqlanırıq. Lakin müdaxilə edə bilmərik. Bu suala cavab vermək çox çətindir. Ümid edirik ki, həmin futbolçular öz çıxışları ilə yığmaya kömək edəcəklər.
- Norveçlə oyundan öncə hansısa mövqedə narahatlıq doğuran məsələ var? Məsələn, mərkəz müdafiəçisi... Rəşad Sadıqov zədə üzündən "Qarabağ"ın heyətində "Qəbələ" ilə oyunu buraxdı, Bədavi Hüseynov isə yenicə oynamağa başlayıb...
- Rəşad bizimlə bir yerdədir. Elə bir problemi olmamalıdır. Əfranın olmaması, zədələnməsi yığma üçün itkidir. Ancaq ümumilikdə elə bir problem yoxdur. Qarşıdakı məşqlərdə, oyuna qədər bilinəcək. Yəqin ki, bu müddət ərzində heç bir futbolçunun sağlamlığında problem olmaz.
- 2 il əvvəl Norveçlə oyuna yığmanı baş məşqçi kimi siz çıxarmışdınız. Həmin görüşdə 0:1 hesabı ilə uduzmuşduq. Demək olar ki, heyətdə o qədər də dəyişiklik olmayıb. Yenidən baş məşqçi kimi oyuna çıxsaydınız, nəyi dəyişərdiniz?
- İndi baş məşqçi deyiləm. Bu səbəbdən nəyi dəyişəcəyimi demək çətin olar. Ancaq inanıram ki, Norveç yığması Bakıdan əliboş qayıdar.
- Baş məşqçiyə hansısa tövsiyə verəcəksiniz?
- Baş məşqçiyə tövsiyə vermək bir az böyük çıxır. Keçən il də Norveçlə oynamışdıq. Təhlil etmişik. onlarda da heyətlə bağlı böyük dəyişiklik olmayıb. Bu səbəbdən, baş məşqçiyə tövsiyə verməyə ehtiyac yoxdur. Bir daha deyirəm, onlarda da keçənilki heyətin əksər üzvləri qalıb.