1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Braziliyanın bacarmadığını bacardıqsa...
Mehman SÜLEYMANOV
Futbol üzrə ən mötəbər yarış olan dünya çempionatı. Onu ən çox qazanan yığma təbii ki, dünyanın ən güclüsü sayılmalıdır. Bu da məlum olduğu kimi, Braziliya millisidir. Mundialda 5 dəfə çempion olan "pentakampeonlar"ın bu nailiyyəti hələ də əlçatmaz qalır. Bax, belə bir güclü yığmanın, "top sehrbazlar”ının hələ də məğlub edə bilmədiyi bir rəqib varmış. Bu, heç Avropanın da ən güclülərindən sayılmayan Norveç yığmasıdır. Braziliya yığması "vikinqlər"lə keçirdiyi 5 görüşdə 3 heç-heçə edib, 2 dəfə uduzub.
Azərbaycan millisi də Norveç yığması ilə artıq 5 dəfə görüşüb və braziliyalılardan fərqli olaraq ona qalib gələ bilib. Yox, mən millimizi "pentakampeonlar"la müqayisə edərək, ondan güclü saydığımı demək istəmirəm. Sadəcə, nəticə göz qabağındadır və hərdən futbolda belə maraqlı göstəricilər müşahidə olunur. Fakt faktlığında qalır ki, biz Braziliyanın bacarmadığını bacardıq. Bacardıqsa, deməli, heç də zəif deyilik və uğurun davamını gətirmək lazımdır.
Uğurun təsadüfi olduğunu sübuta yetirməyə ehtiyac olmadığından, bundan söz salmıram. Çünki Norveç üzərində qələbənin təməli hələ 2005-ci ilin iyununda Osloda qoyulub. Həmin vaxt millimizlə ilk səfər matçına çıxan xorvatiyalı baş məşqçi Robert Prosineçki qolsuz bərabərliyə qaldı. Halbuki, real götürsək, bu oyunda məğlubiyyətimiz gözlənilirdi. Ancaq çətin səfərdən xalla qayıdan, özü də qol buraxmayan, inamlı təsir bağışlayan Robert Prosineçkinin komandası həmin vaxt diqqəti özünə cəlb etdi. Fakt odur ki, heyətində köklü dəyişiklik olmayan Norveç yığması yenə qapımıza yol tapmadı və və bu dəfə uduzdu. Bir komanda iki dəfə bizə qol vura bilmirsə, ondan 4 xal alırıqsa, bu, artıq təsadüfi ola bilməz.
Məlum olduğu kimi, əsas hədəfimiz Bakının da ev sahiblərindən biri olacağı AVRO-2020-yə düşməkdir. Ancaq bunadək 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinin iştirakçısı olmaq imkanımız var. Millimizin seçdiyi şüarın dili ilə desək – Niyə də yox?! Həmin dünya çempionatı ki, onun seçmə mərhələsində debütü məhz norveçlilərə qarşı edərək 0:5 hesablı ağır məğlubiyyət almışıq. Ancaq bunun üstündən düz 20 il keçib və artıq Norveç millisi Azərbaycan yığmasından aşkar güclü deyil. Təsadüfi deyil ki, qrupumuzda ilk 2 oyundan sonra biz Almaniya ilə liderliyi, "vikinqlər" isə 0 xalla autsayder San Marino ilə son pilləni bölüşür.
Necə deyərlər, iştah diş altında olur və qələbələrin ardı gələndə final mərhələsinə düşməyi daha çox istəyirik. Seçmə mərhələ yenicə başlasa da, hər tur arxada qaldıqca qazanılan xalların qiyməti artır. Bu mənada Norveçdən 6 xal öndə olmağımızı böyük üstünlük sayıram.
Eyni sözləri qarşıdakı rəqibimiz olan Çexiya haqda deyə bilərəm. Bu ölkənin yığması da demək olar eyni vəziyyətdədir – 2 oyuna 1 xal. Bu isə o deməkdir ki, millimiz bu axşam çexlərlə heç-heçə etsə, həmin 6 xallı fərqi saxlayacaq. Bu isə final mərhələsinə iddiamızı daha da artıracaq və çexlərlə sonrakı oyunumuzun evdə olacağını da nəzərə almalıyıq. Ostravada qələbəmizi yox, məhz bərabərliyi real görərək bunun baş verəcəyinə inanıram.
Bir şeyi də nəzərə almalıyıq ki, Avropa çempionatından fərqli olaraq, dünya çempionatında final mərhələsinə düşmək çətindir. Çünki qitə çempionatında final mərhələsinə qruplarda ilk 2 yeri tutanlar birbaşa gedirsə, 3-cülər "pley-off"a çıxırsa, mundialda yalnız qrup qalibləri final mərhələsinə yollanır, 2-cilər isə növbəti sınaqdan üzüağ çıxmalı olurlar.
Qrupumuzda Almaniya millisinin aşkar favorit olaraq 1-ci yerlə final mərhələsinə birbaşa vəsiqə qazanacağını indidən söyləyə bilərik. Pley-offa vəsiqə verən 2-ci yer uğrunda mübarizədə çox şey şəxsi oyunlardakı nəticələrdən asılı olacaq. Millimiz hər 3 belə rəqibi ilə məhz bu il görüşür. Norveçi sıradan çıxardıq, indi Çexiya qarşımıza çıxır, növbədə isə gələn ay Şimali İrlandiya yığmasıdır. Hazırda turnir cədvəlində ən yaxın izləyicimiz 4 xalla məhz şimali irlandlardır. Ancaq Çexiyada uduzsaq belə, bu turdan sonra da 2-ci yerdə qalacağımız şübhə doğurmur. Çünki Şimali İrlandiyanın səfərdə Almaniyaya qalib gələrək bizi keçəcəyi heç inandırıcı görünmür. Çexlərə qalib gələcəyimiz halda isə əsas rəqiblərinlə xal fərqinin nə qədər artdığını görüncə, final mərhələsində böyük addım ataraq ürəkdən "niyə də yox?! deyəcəyik.
Ən əsası, çexlərdən elə bu il aldığımız ağır zərbənin cavabını yığma səviyəsində verməliyik. Çempionlar Liqasında ilk dəfə pley-offa "Qarabağ”la çox yaxın olduğumuz bir vaxtda, "Vikroriya” buna imkan vermədi - səfərdə 0:0, evdə 1:1. Ardından isə "Qarabağ”ın Avropa Liqasının qrupunda Çexiyanın digər təmsilçisi "Slovan”la yolları kəsişdi və bu dəfə vacib 2 xal itirdik - evdə 2:2. Bir sözlə, çexlərlə avrokuboklarda 3 görüşümüzün hamısı bitib və heç-heçələr məhsuldarlıq üzrə artır. Bu tendensiya davam edərsə, deməli, Azərbaycanla Çexiyanın futbol yğmalarının qarşılaşması 3:3 hesabı ilə bitəcək. Səmimi olsaq, bu nəticənin olacağı real görünmür. Ancaq təki yenə heç-heçə olsun, bu dəfə ona razıyıq. Klub səviyyəsində bu nəticə bizim üçün uğursuz oldusa, millinin qarşılaşmasında uğurlu sayılacaq. Bir də ki millimiz kapitanı Rəşad Sadıqovun zəhləsi getdiyi Çexiyaya Azərbaycandan kənarda qalib gəlməyi bacarıb.
Tarix təkrarlanarmı? Niyə də yox?!