Çexiya milli komandası Azərbaycan yığmasının seçmə mərhələlərdə qarşılaşdığı 31-ci rəqib olub.
Sportnet.az-ın məlumatına görə, çexlərlə bunadək yeganə qarşılaşma - 2009-cu ilin noyabrın 18-də olan matç qeyri-rəsmi səviyyədə olub.
Millimiz 24 illik tarixində keçirdiyi 226 oyunda 67 komanda ilə üz-üzə gəlib. Bunlardan 44-ü UEFA-ya üzv olan ölkələrdən rəqibdir. 55 assosiasiyanı birləşdirən qurumun təmsilçilərindən 54-ü ilə qarşılaşmaq ehtimalı var ki, komandamız onun 9-u ilə görüşməyib. Bunlar Danimarka, Sloveniya, Irlandiya, Şotlandiya, Ermənistan, Yunanıstan, Hollandiya, Kosova və Cəbəllütariqdir.
Yığmamız xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin 2 ilə yaxın fəaliyyəti dövründə seçmə mərhələdə artıq 3 yeni rəqiblə qarşılaşıb. Bunlar ötən seçmə mərhələdə Malta, indisə San Marino və Çexiya yığmalarıdır. Prosineçiki millimizdəki debütündə məhz maltalılarla görüşərək Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesablı qələbəyə sevinib.
Azərbaycan yığması cari seçmə mərhələdə debütündə səfərdə San Marinoya 1:0 hesabı ilə qalib gəlib, son olaraq isə Çexiya ilə səfərdə qolsuz bərabərliyə qalıb.
Beləliklə, Prosineçkinin rəhbərliyi dövründə millimiz seçmə mərhələdə yeni olan rəqiblərə nəinki məğlub olmayıb, onlardan qol da buraxmayıb.