Mehman SÜLEYMANOV
Çexlərlə yenə heç-heçə etdik. Bu il artıq 4-cü dəfədir və həmin ölkənin təmsilçiləri ilə görüşlərimizdə sülhsevərlik pozulmur. Ancaq bu dəfə nəticəyə "Qarabağ” – "Viktoriya” matçında olduğu kimi üzülmədik. Axı bu, səfərdə qazanılan, qələbəyə bərabər heç-heçə idi.
Milli komandamız "Niyə də yox?!” şüarını əlində bayraq edərək rəqiblərini qələbəyə həsrət qoymaqda davam edir. Berti Foqtsun vaxtında seçmə mərhələyə 7 xal rekord idisə, indi ilk 3 oyundaca bu xalı toplamışıq. Almaniyanı çıxmaq şərtilə rəqiblərimizə yuxarıdan aşağı baxırıq. Yox, qətiyyən saymazyana münasibəti nəzərdə tutmuram, turnir cədvəlində digər yığmalardan yuxarı pillədə durmağımızdan bəhs edirəm. Seçmə mərhələnin əvvəlində kimin ağlına gələrdi ki, Azərbaycan millisi Şimali İrlandiya, Norveç, Çexiya kimi gücül rəqibləri qabaqlayacaq. Gəlin, səmimi olaq ki, heç kimin. Bunu desəydin, adama qeyri-ciddi baxardılar. Robert Prosineçkinin komandası isə qeyri-ciddi münasibəti sevmir və bunu göstərən rəqiblərini dərhal cəzalandırır. Norveç yığması belə münasibətin qarşılığında Bakıda məyus oldu, heç 1 xal qazana bilmədi. Necə deyərlər, böyük-böyük danışdılar, paylarını da aldılar.
Çexiya yığmasının baş məşqçisi Karel Yarolim isə Azərbaycanla matçdan öncə "Mən Robert Prosineçkini futbolçu kimi tanıyıram, məşqçi kimi yox” dedi və dilinin bəlasına düşdü. Prosineçki onun da cavabını verdi. İndi ay Karel kişi, yaxşı tanıyarsan bundan sonra Robert qardaşı. Ancaq bu, sənə nə karə. Milli komandan üçün Azərbaycanla matçda bəlkə də məğlubiyyətə bərabər heç-heçə sənin alnına yazıldı. Çexiya Yarolimin rəhbərliyi altında cari seçmə mərhələdə nəinki 3 oyunda qələbə qazana, heç qol da vura bilməyib. Özü də hər iki ev oyununda qolsuz heç-heçə edib. San-Marino yığması bu seçmə mərhələdə, özü də 15 ildən sonra rəsmi oyunlarda səfərdə qol vursun, ancaq çexlər yox...İşə bir bax, dağıl, ay dünya.
Əvvəllər dediyim fikirdə qalıram. Milli komandamızın uğurlu çıxışında Prosineçkinin rolu çox böyükdür. O, 6 il yarım millimizdə baş məşqçi kimi çalışmış təcrübəli almaniyalı həmkarına fərqini göstərdi. Yox, söhbət təkcə nəticədən getmir. Belə götürəndə, Foqts ən çox - 9 xal toplayan baş məşqçimiz kimi rekordçu olaraq qalır. Ancaq onun dövründə millimizdən inamlı oyun demək olar görmədik. Olsa da, çox az halda. Prosineçkinin vaxtında da daha çox müdafiə olunuruq. Amma bunu uğurlu etməklə yanaşı, həm də qol vura bilirik. Yəni, demək olar həmin milli komandadır, sadəcə, onu oynadan, nəticə qazandıran lazım idi. Bunda isə baş məşqçidən çox şey asılıdır ki, Prosineçki bunun necə lazım olduğunu göstərir. O da Foqts kimi alman dilli olsa, alman nizam-intizamına üstünlük versə də, baxış bucağı fərqlidir və bizə uyğun mütəxəssisdir. O, Foqtsdan fərqli ayın yarısını evində yatmır, çox vaxt Azərbacanda olaraq çempionat matçlarını izləyir, yeni adlar axtarır.
Milli komandamızın uğurlu çıxışında hər bir futbolçunun rolu böyükdür və heç kimi xüsusi fərqləndirmək düzgün olmazdı. Ancaq bəzi oyunçular var ki, onlara toxunmaq istərdim. Ramil Şeydayev öz futbolçu səviyyəsi ilə bizlərə böyük ümidlər verdi. Cəmi 21 yaşı olan bu Ramil əsl mərkəz hücumçusudur və ilk növbədə, ağıllı oyunu ilə seçilir. Sadəcə, hazırda formada deyil ki, bu da klubunda oynamaması ilə bağlıdır. "Trabzonspor”un baş məşqçisi Ərsun Yanal Şeydayevə çempionatda hələ 1 dəqiqə olsun şans verməməsi azmış kimi, adını protokola salmamaqla böyük haqsızlıq edir. Ramil kimi Azərbaycan millisini seçən Emin Mahmudovu da əsas heyətə layiqli oyunçu sayıram. Sadəcə, ona da yeni keçdiyi klubda - "Boavişta”da 18 nəfərlik heyətdən kənarda qalmaq böyük zərbə vurur.
Yaxşı deyiblər ki, qapıçı güclü komandanın yarısıdır. Kamran Ağayev "Boavişta”da debütündə buraxdığı kobud səhvdən "sınmadı", növbəti oyunda penalti dəf edərək özünəinamının artması artıq millimizdə də özünü göstərir. Təsadüfi deyil ki, Kamran Norveç və Çexiya ilə oyunların əsəs qəhrəmalarından oldu. Onun "çərçivə"də çox inamlı, soyuqqanlı olması sahə oyunçularına da müsbət təsirini göstərdi.
Ağayev kimi kapitan Rəşad Sadıqov da komandanın yarısıdır desək, yanılmarıq. Ona zəhləsi getdiyi çexlərə qarşı oynamaq bu dəfə nəsib olmasa da, millimiz bir oyunçudan asılı olmadığını da sübut etdi. Bunun özünü də müsbət göstərici sayram. Millimiz hazırda da rəqibi olan Şimali İrlandiya yığması ilə 3 il öncə səfərdə qələbəyə bərabər 1:1 hesablı heç-heçəni edəndə də Rəşadsız olmuşdu. Bu dəfə də noyabrda Belfasta gedəcəyik və inanırıq ki, Sadıqovun həmin vaxtadək zədə problemi aradan qalxacaq.
Bədavi Hüseynov 1 aydır zədə üzündən yaşıl meydandan kənarda qalsa da, bunu Ostravadakı matçda heç hiss etdirmədi və Rəşadı layiqincə əvəzlədi. Bunda isə onun yanında, əslində, cinah müdafiəçisi olan Maksim Medvedevin böyük rolu oldu. Bizim Maks "Qarabağ”da da komanda yoldaşları olan Rəşad və Bədavinin hərəsi ilə bir dəfə mərkəzdə elə inamlı təsir bağışladı ki, sanki əvvəldən mərkəz müdafiəçisi olub. İndi Sadıqovla Hüseynov tam sıraya dönəndən sonra Prosineçki Medvedevlə bağlı baş sındırmalı olacaq. Görəsən, onu sağa qaytarım, yoxsa elə yenə mərkəzdə oynadım?
Boris kişinin oğlu olan Maksimə həmişədən böyük simpatiyam olub. Təkcə bir kluba sadiq olan stabil futbolçu kimi yox. Medvedev milliyyətcə rus olsa da, yaşadığı ökənin atributlarına böyük hörmətlə yanaşır, dilini, himnini bilir. Msksim bir sıra rusdilli azərbaycanlılardan daha yaxşı, sərbəst danışır. Yaşadığı ölkəyə bağlı olmaq da məhz belə olmalıdır.
Bir sözlə, çəkilən zəhmət heç vaxt yerdə qalmır, həmişə bəhrə verir. Necə ki millimizin son vaxtlar qazandığı nəticələr məhz çəkdiyi zəhmətin bəhrəsidir.