Vüqar MƏMMƏDOV
Sportnet. az saytı Avropa zonasında qol buraxmayan 4 qapıçının statistikasını dərc edib. Burda Kamran Ağayevin digər 3 ölkə yığmasının qapıçısından daha çox zərbə dəf etdiyi, bununla da statistikada onlardan üstün olması göstərilib.
Amma Kamran təkcə statistikada yox, oyun keyfiyyətlərinə görə də onlardan zəif deyil. Mən "Boavişta”nın heyətində keçirdiyi oyunlardan və yığmanın heyətində keçirdiyi son iki oyundan sonra bu nəticəyə gəlmişəm. Hansı parametrlərinə görə belə nəticəyə gəlmişəm, bunu deyə bilməyəcəyəm. Amma onun çox güclü qapıçı olması və Avropanın top komandalarında çıxış edən qapıçılardan geri qalmamasına əminəm.
Kamranın Avropanın aparıcı çempionatlarının lider komandalarının qapısını rahatlıqla qoruya biləcəyinə şübhəm yoxdur. Sadəcə Ağayevə onu bu komandalara təklif və təqdim edə biləcək tanınmış agent lazımdır. O qədər də güclü olmayan "Boavişta”ya transferi onun potensialının açılmasına imkan verdi. Burda həlledici məqam səhvi üzündən "Portu”dan "yediyi" qoldan sonra məşqçinin ona yenidən güvənməsi oldu. Məhz bu amil əsas rol oynadı və Kamran bu oyundan sonrakı matçlarda hələ ki qol buraxmayıb.
Amma bir məsələ var. Düzgün istiqamət verən məşqçi oyunçu üçün çox vacibdir. Bu baxımdan Kamranın "Portu” ilə oyundakı səhvindən sonra ona yenidən dəstək olub oyuna kökləyən, artıq keçmiş sayılan məşqçisi olubsa bu məşqçinin getməsi futbolçumuz üçün itki sayıla bilər. Yeni məşqçinin hansı addım atacağı, kimə güvənəcəyi, bundan başqa Kamranın zədəsinin ciddiliyi məlum deyil. Amma hər halda, yeni məşqçi axmaq olmaz. Avropada axmaqlara yox, peşəkarlara güvənirlər. Bu səbəbdən də yəqin ki, yeni məşqçi də futbolçumuzun son oyunlarını izləyər və düzgün qərar verər, yəni Ağayevi oynadar.
Kamranın "Boavişta”da xeyli artırması digər futbolçularımızın da xarici komandalara keçidinin vacibliyini gündəmə gətirdi. Vurğulayaq ki, keçid zamanı ən çox uyğunlaşma problemi yaşayan qapıçılar olur. 1988-ci ildə Rinat Dasayev Avropanın ən yaxşı qapıçısı seçildi və "Sevilya”ya transfer olundu. Amma uyğunlaşma problemi yaşadı və tezliklə ehtiyata düşdü. Yəni deməyim odu ki, əgər uyğunlaşma üçün ən çətin mövqe sayılan qapıçı mövqeyindəki futbolçumuz xaricə gedən kimi adaptasiya ola bilirsə, niyə digər mövqelərdə çıxış edən futbolçularımız bunu bacarmasın?