Mehman SÜLEYMANOV
Cavid Hüseyovun həbs olunması da, azadlığa buraxılması da komandasının eyni rəqiblə ev oyunundan sonraya təsadüf etdi. Bu, "Qəbələ”nin çempionluq mübarizəsində əsas rəqibi "Qarabağ”la qarşılaşmalardır.
"Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasında son 3 mövsümün qalibi ilə ötən mövsümün startında 2:2 hesablı bərabərliyə qalmışdı. Yenə ona 2 qol vurdu, ancaq bu dəfə qapısından top buraxmadığından ilk dövrənin son turunda meydanı qalib tərk etdi.
Cavid "Qəbələ”də oynadığı vaxt "Qarabağ” çempionatımızın lideri idisə, indi yerini "Qəbələ”yə verib. Artıq "qırmızı-qaralar” çempionluğa əsas namizəd sayılır. Avropa Liqasının qrupunda isə eyni mənzərədir. Hüseynov həbsdə olanda da "Qarabağ”la "Qəbələ” əsas mərhələdə ölkəmizi təmsil edirdilər, indi də.
Hüseynov artıq 435 gündür futbol oynamır. Sonuncu dəfə ötən ilin avqustun 6-da "Bakcell Arena”da meydana çıxıb. Avropa Liqasının III təsnifat mərhələsində Kiprin "Apollon” klubu ilə evdəki cavab oyununda. Bu rəqiblə hər 2 matçın sonunda penaltidən qollar vurmaqla yekun qələbədə əsas pay sahibi oldu, komandasını tarixində ilk dəfə pley-offa çıxardı. Ancaq ona futbolçu kimi böyük uğur gətirən, tanıdan, qəhrəmana çevrildən kiprlilərlə matçdan sonra həyatında qara səhifə açıldı, jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinərək həbs edildi.
Cavidə 2014-cü ilin yayında keçdiyi "Qəbələ"də "14 nömrə” düşərli oldu, uğurlar qazandırdı, kapitanlığadək yüksəltdi. Məhz bu formada "qırmızı-qaralar”ın avrokuboklarda ilk qolunun müəlifi kimi adını tarixə yazdırdı, ilk dəfə mərhələ keçməsinin əsas səbəbkarlarından oldu. Roman Qriqorçukun komandasının uğurlu çıxışının təməli məhz Tiflis "Dinamo"su ilə həmin çətin sınaqda qoyuldu. Hüseynov həbs olunanadək 3 qolla uzun müddət "Qəbələ”nin avrokuboklarda bombardiri oldu.
Ümumiyyətlə, 2015-ci il Cavidin futbolçu həyatında çox uğurlu oldu. Millimizdə rəsmi oyunda qol hesabını açaraq xorvatiyalı baş məşqçi Robert Prosineçkini debüt qələbəsi ilə sevindirdi. Ancaq elə 2015-ci il onun həyatına böyük zərbə vurdu.
"14 nömrə”yə məhz 14 aydan sonra azadlığa çıxmaq nəsib imiş. İndi hamı onun futbola qayıdışını gözləyir.
Maraqlıdır, 14 rəqəmi Hüseynova yaman bağlıdır. "Qəbələ”də vurduğu qolların sayı da məhz 14-dür. Bunun 11-i çempionatda, 3-ü avrokuboklarda olub. "Qəbələ"də Premyer Liqada meydana çıxacağı halda isə yubiley oyununu – 30-cu matçını keçirəcək. Ümumiyyətlə, onun Azərbaycan milli çempionatında 200 oyun səddinə az qalıb. Hüseynov cəmi 19 matçdan sonra ən azı 200 matç keçirənlər siyahısına düşəcək. Qol sayına gəlincə, burda 3-ləri qoşalaşdırıb - 33. "Qəbələ”dəki qolları çıxsaq, 6 klubumuzda – "Turan", MOİK, AZAL, "İnter"”, "Neftçi” və "Bakı”da ümumu qol sayına görə 2-ləri qoşalaşdırıb, yəni 22 dəfə fərqlənib.
Göründüyü kimi, "Qəbələ” Cavidin karyerasında ən uğurlu klubdur. Təsadüfi deyil ki, ölkə çempionatında vurduğu qolların 1/3-i yalnız bu klubun payına düşür. 28 yaşlı Hüseynovun millidə göstəriciləri isə belədir – 45 oyuna 2 qol. Burada isə 50 oyunu qeyd etməyə çox az qalıb.
Bu gün ayın 14-dür, "14 nömrə”nin 14 aydan sonra qayıdışı haqda daha çox statistik yöndə bir neçə kəlmə yazmaq ürəyimdən keçdi. "Qəbələ"də "14 nömrə" hələ də boşdur. O vaxtdan sahibini, Cavid Hüseynovu gözləyir. Gözləyir ki, yazdığım statikstikaları artırsın, növbəti yubileyləri qeyd etsin...