1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
52 əcnəbi məşqçiyə 16 medal və ya Tsxadadzenin rekordları
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında iştirak etmiş əcnəbi baş məşqçilərlə bağlı statistik məqamların üzə çıxarılması" layihəsində silsilə yazılarına start verib. İkinci yazı indiyədək Premyer
Liqada (əvvəlki güclülər dəstəsi) iştirak etmiş baş məşçqçilər haqda ümumi məlumat,
onların çempiionatmızda qazandığı titullar, mükafatlar, medalların sayı ilə
bağlıdır.
100-dən çox oyun keçirən cəmi 3 baş məşqçi
Azərbaycan milli çempionatında 52 əcnəbi baş məşqçi komandanı meydana çıxarıb. Sadəcə, onlardan bəziləri baş məşqçi əvəzi olub. İlk belə məşqçi 2002-ci ildə - 2001/2002 mövsümündə türkiyəli Naci Şensoy olubsa, hazırda 2 belə çalışdırıcı var. Bunlar MDB təmsilçiləri - Ukraynadan Roman Qriqorçukla ("Qəbələ") Gürcüstandan Zaur Svanadzedir ("İnter").
Əcnəbi mütəxəssislər arasında mütləq rekordçu Kaxaber Tsxadadzedir. Azərbaycanda 2 klubda – Bakı "Standard”ı və "İnter”ində işləmiş 48 yaşlı baş məşqçinin hesabında 221 oyun olub. Ən çox qələbə (110), heç-heçə (61) və məğlubiyyət (50) də məhz K.Tsxadadzenin hesabındadır. Daha iki baş məşqçi də 100-dən çox oyun keçirib. Bunlar Zaqatalanın "Simurq” klubunu çalışdırmış ukraynalı Roman Pokora ilə gürcü Georgi Çixradzedir. Onların hər ikisinin hesabında 108 matç var. K.Tsxadadzenin həmyerlisi olan G.Çixradze "İnter”də onun köməkçisi də olub. Milli çempionatda 50 və daha çox oyun keçirən ümumilikdə 12 əcnəbi baş məşqçi var.
Rasim Kara ilə və 2008/2009 mövsümündə imza atılan "ilk"lər
Azərbaycan Premyer Liqasında medal qazanan ilk əcnəbi mütəxəssis Rasim Karadır. Təcrübəli türkiyəli baş məşqçi 2004/2005 mövsümündə "Xəzər Lənkəran”da çempionluğu son anda – Gəncədə "qızıl oyun”da "Neftçi”yə 1:2 hesabı uduzmaqla əldən verib və gümüş medalçı olub. Bundan sonrakı növbəti iki mövsümdə əcnəbi çalışdırıcılar medala həsrət qalıb. 2007/2008 mövsümündən başlayaraq ardıcıl 9 mövsümdə əcnəbilər medal qazanıblar. Onlar ümumilikdə 10 mövsüm ərzində bunu bacarıblar.
Yalnız bir mövsümdə - 2008/2009-da hər 3 medal gəlmələrin olub. Bu, tarixdə ilk və hələ ki yeganə belə haldır. Həmin mövsümdə makedoniyalı Qyoko Hacıyevski "Bakı” ilə 1-ci, ukraynalı Valentin Xodukin "İnter”lə 2-ci, həmyerlisi Roman Pokora "Simurq”la 3-cü olub.
Milli çempionatda 4 dəfə əcnəbilər 3 medaldan 2-nə yiyələnib. İlk belə hal 2007/2008 mövsümündə olub. "Qızıl" və "bürünc" eyni ölkənin - Ukraynanın payına düşüb. Onu qazananlar "İnter”lə çempion olan V.Xodukin və "Neftçi”ni bürünc medalçı edən Anatoli Demyanenko olublar.
Bu, iki hadisədən biridir ki, eyni ölkə iki medal aparıb. Digəri elə növbəti mövsümdə - 2008/2009-da olub və onda da fərqlənən ölkə Ukrayna idi. V.Xodukin "İnter”lə bu dəfə gümüş medalçı olub. R.Pokora isə "Simurq”un tarixində yeganə medal olan "bürünc"ü həmin mövsüm qazanıb.
2009/2010 mövsümündə qızıl və gümüş medal əcnəbilərin olub. Bunlar "İnter”lə çempion olan K.Tsxadadze ilə "Bakı” ilə 2-ci yeri tutan türkiyəli Cüneyt Biçər idi. 2013/2014 və 2014/2015 mövsümlərində "gümüş"lə "bürünc" gəlmələrin olub. Onda da "gümüş"lər K.Tsxadadzeli "İnter”in, bürünc isə "Qəbələ”nin olub. Sadəcə, birincidə rusiyalı Yuri Syomin, digərində ukraynalı R.Qriqorçuk "qırmızı-qaralar” baş məşqçi idi.
İlk çempion, qoca çempion - Valentin Xodukin
Azərbaycan çempionu olan ilk əcnəbi mütəxəssis Valentin Xodukindir. 1939-cu il təvəllüdlü baş məşqçi eyni zamanda ölkəmizdə çalışmış ən yaşlı gəlmə mütəxəssisdir. 2007/2008 mövsümündə "İnter”lə Premyer Liqanın qalibi olanda V.Xodukinin 69 yaşı vardı. Bunadək əcnəbi məşqçilər arasında Azərbaycan Kubokunu qazananlar olmadığından, bu mütəxəssis ilk titulunu qazanan da olub.
Gəlmələr arasında Azərbaycan çempionu 3 baş məşqçi olub. Özü də bunların uğurlarının ardıcıl olması diqqət çəkir. V.Xodukindən sonra 2008/2009 mövsümündə Q.Hacıyevski "Bakı” ilə, 2009/2010 mövsümündə isə K.Tsxadadze "İnter”lə Premyer Liqanın qalibi olub. Göründüyü kimi, bunlar 3 müxtəlif ölkənin – Ukrayna, Makedoniya və Gürcüstanın təmsilçiləri olublar. Sadəcə, 2-si eyni klubla – "İnter”lə nailiyyət qazanıb.
6 illik həsrət
Ancaq K.Tsxadadzenin çempionluğunundan sonra artıq 6 ildir əcnəbilər qızıl medala həsrətdirlər. Bu müddətdə "Neftçi” ilə "Qarabağ” hərəyə 3 dəfə, özü də yerli baş məşqçilərin rəhbrəliyi altında çempionluğa nail olublar. Ağdam klubu bunu Qurban Qurbanovla həyata keçirib. "Neftçi"nin ilk çempionluğunda baş məşqçisi Arif Əsədov, sonrakı ikisində Böyükağa Hacıyev idi.
Azərbaycan çempionatının gümüş medalını əcnəbilər 6 dəfə qazanıblar. Dediyimiz kimi, ilkə 2004/2005 mövsümündə Kara imza atıb. 2008/2009, 2009/2010 və 2010/2011 mövsümlərində ardıcıl 3 dəfə "gümüş" gəlmələrin olub. Bunların sahibləri V.Xodukin ("İnter”), Q.Hacıyevski ("Bakı”) və rumıniyalı Mirça Rednik ("Xəzər Lənkəran”) olublar. Daha 2 gümüş isə K.Tsxadadzenin payına düşür. Özü də o, bunları ardıcıl 2 mövsüm – 2013/2014 və 2014/2015-də qazanan yeganə əcnəbi mütəxəssisdir. Yekunda "İnter” əcnəbilərlə 3, "Xəzər Lənkəran” 2, "Bakı” 1 dəfə gümüş mükafatçı olub. Ölkələrə nəzərə salsaq, Gürcüstan və Türkiyə hərəyə 2, Rumıniya və Ukrayna hərəyə 1 dəfə bu əyarlı medalı qazanıb.
Əcnəbilər ən çox – 7 dəfə bürünc mükafat qazanıblar. Bu əyarlı medal ilk dəfə 2007/2008-də "Neftçi”də A.Demyanenko ilə qazanılıb. Növbəti mövsümdə R.Pokora "Simurq”la 3-cü olub. Ardıcıl 5 mövsümdür isə bürünc bir qayda olaraq əcnəbilərindir. K.Tsxadadze ilə R.Qriqorçuk hərəyə 2 dəfə bu mükafatı qazanıb. Özü də bunlar ardıcıldır. K.Tsxadadze 2011/2012 və 2012/2013-də "İnter”lə, R.Qriqorçuk 2014/2015 və 2015/2016-da "Qəbələ” ilə fərqlənib. Y.Syominin 2013/2014-də "Qəbələ” ilə 3-cü yer tutduğunu nəzərə alsaq, Azərbaycan Premyer Liqasında son 3 mövsümdə bürünc "qırmızı-qaralar”ın qismətinə düşüb. Əcnəbiləri klublarla fərqləndirsək, məhz "Qəbələ” 3 dəfə ilə liderdir. "İnter” və "Neftçi”nin hesabında 2, "Simurq”da 1 "bürünc" var. Ölkələrə gəlincə, Ukrayna 4 dəfə bürünc medal qazanmaqla seçilir. Gürcüstanda 2, Rusiyada 1 belə mükafat var.
Bunları cəmləşdirsək, əcnəbilərin hesabında ümumilikdə 16 medal var. Bunlardan 3-ü qızıl, 6-sı gümüş, 7-si bürüncdür. 16 medalı 10 legioner qazanıb. Bunlardan 4-ü ukraynalı (V.Xodukin, R.Pokora, A.Demyanenko, R.Qriqorçuk), 2-si türkiyəli (R.Kara və C.Biçər), 1-i rumın (M.Rednik), 1-i gürcü (K.Tsxadadze), 1-i makedoniyalı (Q.Hacıyevski) və 1-i rusiyalıdır (Y.Syomin). Ukraynalılar 6 medalla (1 qızıl, 1 gümüş, 4 bürünc) 5 medalı (1 qızıl, 2 gümüş, 2 bürünc) olan Gürcüstandan öndədir. Özü də qonşu ölkə təmsilçisi bunu yalnız K.Tsxadadze ilə qazanıb. 16 medalın 7-si "İnter”dədir (2 qızıl, 3 gümüş, 2 bürünc). "Qəbələ” 3 medalla (hamısı bürünc) 2-ci yerdədir. "Bakı” (1 qızıl, 1 gümüş) və "Xəzər Lənkəran” 2 medalla (2 gümüş) sonrakı pillələrdədir. "Neftçi” və "Simurq”da hərəyə 1 medal var ki, bunlar da bürüncdür.
Əcnəbi məşqçilərin hegemon olduğu ardıcıl 3 mövsüm
Legioner baş məşqçilərin hegemonluğu ardııcl 3 mövsüm - 2007/2008, 2008/2009 və 2009/2010-da olub. Onda gəlmələr 3 ildə 7 medal qazanıblar. Bizimkilər həmin mövsümdə cəmi 1 gümüş və 1 bürünc medala yiyələnib. Bu, 2007/2008-də "Olimpik”lə Əsgər Abdullayev və 2009/2010-da "Qarabağ”la Qurban Qurbanov olub. K.Tsxadadze əcnəbilər arasında mükafat kolleksiyasında hər 3 medalı – "qızıl", "gümüş" və "bürünc"ü olan yeganə mütəxəssidir. Ümumilikdə isə o, Azərbaycan milli çempionatında bunu bacaran 4 baş məşqçidən biridir. Digərləri azərbaycanlı həmkarları - Ağasəlim Mircavadov, Mehman Allahverdiyev və Qurban Qurbanovdur.
K.Tsxadadze eyni zamanda ölkəmizdə ən çox medal qazanan əcnəbi baş məşqçidir. Bu, 5 medal - 1 qızıl, 2 gümüş və 2 bürüncdür. Ondan başqa yalnız V.Xodukinlə R.Qriqorçukun medalları 1-dən çoxdur. Hər iki ukraynalı mütəxəssis 2 dəfə milli çempionatın mükafatçıları olub. V.Xodukində bu, qızıl və gümüşdürsə, R.Qriqorçukda hər ikisi bürüncdür.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib