Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb. Sportnet.az-ın məlumatına görə, buna Foqtsla birgə çalışmış komandanın baş məşqçisi və texniki direktoru Yurgen Klinsmanın istefaya göndərilməsi səbəb olub.
Almaniyalı mütəxəssisə 2018-ci il dünya çempionatının startında ardıcıl 2 məğlubiyyət - Meskiyaya 1:2 və xüsusilə Kosta-Rikaya 0:4 hesablı məğlubiyyət bağışlanılmayıb. Klinsmanın yerinə ən real namizəd "Los-Anceles Qalaksi"nin baş məşqçisi Brüs Arena sayılır. Vaxtilə elə ABŞ millisinə rəhbərlik etmiş 65 yaşlı amerikalı mütəxəssisin növbəti təyinatının bu gün rəsmən açıqlanacağı deyilir.
Klinsmann 2011-ci ilin iyulun 29-dan rəhbərlik etdiyi ABŞ yığması ilə DÇ-2014-də pley-offa, 2016-cı il Amerika Kubokunda yarımfinaladək irəliləyib. Berti Foqts 2014-cü ilin oktyabrında millimizlə yollarını ayırandan sonra keçmiş yetirməsinin yanına birdəfəlik məsləhətçi kimi yollanıb. Foqts 1996-cı ildə Almaniya millisini Avropa çempionu edəndə Klinsmann onun rəhbərliyi altında oynayıb.