Azərbaycan Premyer Liqasında çıxış etdiyi 8 ildə ölkə çempionu və kubokun qalibi olan Vadim Borets Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, artıq məşqçilik edən 40 yaşlı keçmiş yarımmüdafiəçi ilə görüşüb geniş söhbətləşdik, bir sıra məqamlara toxunduq. Borets saytımıza müsahibəsində bir sıra maraqlı açıqlamaları ilə yadda qaldı.
"Qarabağ” – "Fiorentina” oyununu gəlib izləmək fikrindəyəm”
- Artıq bir neçə gündür Bakıdasan. Təəssüratların necədir?
- Çox yaxşı. Mənə doğma olan ölkəyə, şəhərə gəlmişəm. Ancaq bu dəfə işlə bağlı yox, sadəcə, qonaq kimi. Buradakı köhnə dostlarımla görüşmək qərarına gəldim. Bakı mənim futbolçu həyatımda yaxşı mənada xüsusi bir iz buraxıb. Burada keçirdiyim yaxşı günləri, müsbət anları unutmuram. Həmişə xoş xatirə kimi yada salıram. Dekabrın 8-də Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ” – "Fiorentina” oyununa gəlib baxmaq fikrindəyəm. Həmin vaxt Moldova çempionatında fasilə yaranacaq. Maraqlı oyun gözləyirəm. Təbii ki, artıq bir məşqçi olaraq. Məşqçilik həyatımda inkişaf etmək, yenilikləri öyrənmək istəyirəm.
- Futbolçu karyeranı Azərbaycanda bitirdikdən dərhal sonra vətənində məşqçiliyə başladın. Bu müddətdə işlərin necə gedir?
- Məşqçilik kursuna yazıldım. C, B, A kateqoriyalarını aldım, hazırda "Pro”nu oxuyuram. Moldova U-17 yığmasında baş məşqçi işlədim. Seçmə mərhələdə uğurla çıxış etdik, Ermənistana 4:0 hesabı ilə qalib gəldik. Bundan sonra yüksək liqa təmsilçisi "Ungen”də baş məşqçi oldum. Oktyabrda klubdan getdim.
- Səbəb nə idi?
- Maddi problemlər. Mən klubda istəmək istəyirdim. Ancaq rəhbərlik əvvəl bir söz dedi, sonra başqa şey. Deyilənlərə sonda əməl olunmadığından, postumdan ayrıldım. Birinci liqada "Sfıntul George” klubunda maraqlı layihə var. İlk olaraq Premyer Liqaya, sonra avrokuboklara çıxacaq yaxşı komanda qurmaq istəyirlər. Qarşıda duran vəzifə budur. Bu klubda işləməyə başlayıram.
- Yeri gəlmişkən, həmyerlin, uzun illər "Bakı”da və yığmada komanda yoldaşın olan Aleksey Savinov da Moldovanın birinci divizionunda çalışır...
- Bəli, o, "Spekul”da Denis Kalinkovla birgə məşqçi işləyir. Bildiyiniz kimi, Kalinkov da Azərbaycanda, "Xəzər Lənkəran”da oynayıb. Deməli, bu dəfə Savinovla rəqib olacağıq (gülür).
"Siz qrupda 2 klubla oynayırsınızsa, biz özümüzə necə yaxşı deyə bilərik?
- Moldova futbolunu, çemponatını, yığmasını Azərbaycanla müqayisə edəndə, hansı qənaətə gəlirsən? Biz sizi çoxmu qabaqlayırıq?
- İndiki nəticələrə əsasən belə demək olar. Vaxtilə biz Avropa Liqasında qrupa düşürdük. Ancaq indi Moldova kənardadır, Azərbaycan isə qrupda iki klubla təmsil olunub. Deməli, sizdə inkişafın daha yaxşı olması məntiqlidir. Bizdə enişin, sizdə yüksəlişin olması ilk növbədə, nəticələrdə görünür. Siz qrupda iki klubla oynayırsınızsa, biz özümüzə necə yaxşı deyə bilərik? Nəticə hər şeyi göstərir ki, Azərbaycanda futbolun inkişafı Moldovadan daha yaxşı gedir.
- Vadim Borets özünü futbolçu və məşqçi kimi necə müqayisə edərdi? Yəqin ki, məşqçi olmaq daha çətindir...
- İsveçrədə məşqçi kursunda Samir Əliyev və Elbrus Məmmədovla təsadüfən rastlaşdım. Bu, mənim üçün xoş sürpriz oldu. Orada 4 ölkənin - Moldova, Ukrayna, Şotlandiya və Polşanın məşqçilik kursunda oxuyanlar iştirak edirdilər. Əliyevlə Məmmədov da İsveçrəyə Ukraynada təhsil alanlar kimi gəlmişdilər. Hər ikisi ilə "Neftçi”də birgə olmuşam. Samirlə oynamışam, Elbrus isə məşqçim olub.
- Samir Əliyev keçən il "Neftçi”nin baş məşqçisi idi...
- Görürsünüz də, futbol həyatı necə maraqlıdır. Birgə xoş xatirələri yada saldıq, bir-birimizə gənc məşqçilər kimi uğurlar arzuladıq. Yeri gəlmişkən, "Simurq”un bombardiri olmuş, hazırda Ukraynada məşqçi işəyən Vladimir Mazyar da "Pro"nun iştirakçısı kimi İsveçrəyə gəlmişdi.
"Qızlarım Azərbaycan himnini yenə bilir, həyat yoldaşım Bakıda yaşamağımızı istəyir”
- 8 ilə yaxın Azərbaycanda yaşadıqdan sonra Moldovada ilk vaxtlar çətin deyildi?
- Ailəm və mən özüm Azərbaycanı indiyədək ancaq müsbət mənada xatırlayırıq. Yaxşı insanlarla rastlaşdıq, avrokuboklarda oynadım, "Neftçi” ilə "Birlik Kuboku”nu qazandım. Bunlar xoş anlar idi. Hər 2 klubda – həm "Neftçi”də, həm də "Bakı”da əla karyeram oldu. İki qızım məktəbə Bakıda getdi. Həmişə mənə deyirlər ki, gedək Azərbaycana. Sadəcə, indi oxuyurlar. Oğlum da artıq məktəbə gedir, eyni zamanda taekvondoya. Bir dəfə vaxt tapan kimi, məktəbdə tətil olan kimi hamılıqla Bakıya gələcəyik. Hələ ki özüm gəldim.
- Qızların hətta Azərbaycan himnini bilirdlər..
- (gülür) Elədir. İndiyədək bilirlər, yaddan çıxarmayıblar. Artıq böyüyüblər, məktəbi bitirmələrinə az qalıb. Bakıda çoxlu azərbaycanlı dostları var, onlarla yazışırlar. Qızlarım Azərbaycan dilini unutmayıb. Həyat yoldaşım ümumiyyətlə, Bakını çox sevir. Bilirsiniz, məndən durmadan nəyi soruşur?
- Nəyi?
- Nə vaxt gedib Bakıda yaşayacağıq? (gülür). Ciddi deyirəm, ailəliklə bura köçməyimizi istəyir.
"Bülənt Korkmazın vaxtında Azərbaycan dilində çox şeyi bilirdim"
- Çox şeyi bilirdim. Xüsusilə də Bülənt Korkmazın "Bakı"da baş məşqçiliyi vaxtında. Çünki o, məşqi türkcə keçirdi. Onda Azərbaycan dilində çox şeyi anlayırdım. Artıq 4 il keçib, bir az yadımdan çıxıb. Ancaq müəyyən sözləri xatırlayıram.
- "Bakı” qalıb məşqçi olmağı təkfif edirdi. Ancaq klubla hələ 1 illik müqaviləm vardı. Elə alındı ki, kurslara görə vətənimə qayıtmalı oldum. Gələcəkdə hər şey mümkündür. Ola bilər ki, nə vaxtsa Azərbaycanda məşqçi də oldum.
- Ölkəmizdə bu qədər uzun müddət oynasan da, şəxsi ev almadın. Halbuki, burada qazandığın pulla maddi imkanın olardı...
- "Neftçi”də vitse-prezidentimiz olmuş Ramin Musayev mənə gəldiyim ilk gündən deyirdi ki, Bakıda ev, mənzil al, gedəndə də satarsan. Ala bilərdim, o vaxt qiymətlər də aşağı idi, indiki kimi yüksək deyildi. Bunu etmədiyimə görə peşmanam. Mən isə qaldığım evləri kirayə tutmalı olurdum. Açığı, düşünmədim ki, Azərbayanda bu qədər uzun müddət qalacağam. Həyat belə alındı... Bu günlə yaşayırsan, uzağa baxa bilmirsən.
- Ancaq bildiyimə görə, şəxsi avtomobilin vardı...
- Bəli, almışdım. Markası da "Hyuindai Santafe” idi. Avtomobil almalı idim. Çünki Bakıda maşınsız çətindir. Yolları da yaxşı bilirdim. Bakını 7-8 ildə yaxşı tanımışdım.
- İndi də Bakıda sərbəst maşın sürə bilərsənmi? Çünki burda olmadığın 4 ildə yollar dəyişilib, körpülər, tunellər çoxalıb...
- Əlbəttə, Bakıda son 4 ildə dəyişikliklər böyükdür. Şəhər çox gözəlləşib. Möhtəşəm Bakı Olimpiya Stadionu tikilib. Yeni yollar, körpülər, tunellər var. Ancaq hesab edirəm ki, paytaxtınıza yenə itməzdim. Bilirsiniz, mən Bakıda müxtəlif rayonlarda yaşamışam - mərkəzdə, "Gənclik”, "Memar Əcəmi” metrostansiyaları tərəfdə, Yasamalda.
- Buradan gedəndə avtomobilini futbolçuya satdın?
- Yox. Burada tanış olduğum dostlardan birinə.
"Sissoko Seneqalda qapıçılar məktəbi açıb"
- Azərbaycandan daha çox kiminlə əlaqə saxlayırsan?
- Bir neçə nəfərlə. Məsələn, "Bakı”da kaptanımız da olmuş Rafael Əmirbəyovla. Gərək dost-tanışla çox ünsiyyət qurasan. Futbol həyatında bu, vacibdir. Hərənin öz problemi var. Ancaq istənilən halda, əlaqə saxlamaq lazımdır. "Neftçi”də komanda yoldaşım olmuş Branimir Subaşiçlə arabir əlaqə saxlayıram, yazışırıq.
- Burada oynayanda futbolçulardan kiminlə dostluq edirdin?
-"Bakı”da qapıçımız olan Xalidu Sissoko ilə. O, azərbaycanca da bilirdi.
- Yeri gəlmişkən, Sissokodan xəbərin varmı?
- Vətəni Seneqalda qapıçılar məktəbi açıb. Həmişə adama köməyi dəyirdi. "Neftçi”də Zaur Tağızadə, Georgi Adamiya ilə dostluq edirdim. Zaur ümimiyyətlə, yaxşı olandır. Afərin ona, heç vaxt münaqişəyə getmirdi. Daha çox Adamiya ilə dostluq edirdim. Hətta bir vaxt onun mənzilində qalırdım. Bakıya yeni gəlmişdim. Ailəm onda Kişinyovda idi. Sonda özüm ev kirayəyə tutandan sonra ailəmi bura gətirdim. Rəşad Sadıqovla münasibətim qaydasında olub. "Neftçi"də kapitanımız idi.
"Mahmud Qurbanovla "Neftçi"də bir-birimizə mane olmazdıq"
- "Neftçi"yə həmin vaxt gedən Mahmud Qurbanova əvəzləyici kimi gəlmişdin və onun "7 nömrə"sini götürdün. Səncə, azarkeşlərin sevimli futbolçusu olan "Professor" ləqəbli həmkarını layiqincə əvəzləyə, onu unutdura bildinmi?
Davamı olacaq...
Mehman SÜLEYMANOV