Azərbaycan Premyer Liqasının cari mövsümündə məğlubedilməz komanda qalmayıb.
Sportnet.az-ın məlumatına görə, bu, turnir cədvəlinə uzun müddət başçılıq etmiş "Qəbələ"nin XIII turda "Qarabağ"a 1:2 hesabı ilə uduzmasından sonra baş verib. Nəticədə Roman Qriqorçukun komandasının məğlubiyyət qrafasında sıfır rəqəmi ikinci dövrənin sonuna 1 tur qalmış aradan götürülüb.
"Qəbələ"nin çempionatda bunadək son məğlubiyyətini də məhz "Qarabağ"la səfər oyununda alması maraqlı məqam kimi diqqət çəkir. Bu, ötən mövsümün XXIV turunda - mayın 11-də olub. Onda "Qarabağ" sonradan çempionatın bombardiri olan ispaniyalı yarımmüdafiəçisi Diani Kintananın 17 və 32-ci dəqiqələrdə etdiyi dublla 2:0 hesablı qələbə qazanıb. "Qırmızı-qaralar"ın qapıçısı Dmitri Bezotosnı məhz bundan sonra uzun müddət çempionatda qol buraxmayaraq rekorda imza atıb.
Göründüyü kimi, "Qəbələ"nin "Qarabağ"la həmin görüşdən sonra başladığı 14 oyunluq məğlubiyyətsiz seriyaya elə onunla da matçda son qoyulub. Bu isə 173 gün sonra baş verib. Sadəcə, fərq ondadır ki, "Qarabağ"a bu məğlubiyyət "Azərsun Arena"da yox, "Əlincə Arena"da olub. Çünki həmin vaxt ölkəmizdə 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunları keçirildiyindən, "Qarabağ" son turlarda rəqiblərini Suraxanıda deyil, Mazasır qəsəbəsindəki stadionda qəbul etməli olub.
Qeyd edək ki, "Qəbələ" son oyunda Filip Ozobiçin hesabı açması ilə önə çıxsa da, son dəqiqələrdə Riçard Almeyda penaltidən tarazlığı bərpa edib, Dino Ndlovu isə qələbə topunun müəllifi olub.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb