Bosniya və Herseqovinanın "Sarayevo" klubu maraqlı iddia ilə çıxış edib. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı fevralın 9-da "Neftçi" ilə yoxlama oyunu keçirəcəklərinə dair xəbər yayıb.
Xəbərdə bildirilir ki, matç Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Halbuki "Neftçi" Antalya toplanışını hələ yanvarın 20-də başa vurub. Flaqman hazırda Azərbaycan Premyer Liqasında "Qəbələ" ilə keçirəcəyi XVI tur matçını düşünür.
Görünür, "Sarayevo" ya texniki yanlışlığa yol verib, ya da "Neftçi" Bosniya və Herseqovina klubu ilə yoxlama oyununa dair anlaşarkən, sadəcə, zarafatlaşıb. Amma birinci variant daha inandırıcı görünür.
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov da Sportnet.az-a açıqlamasında "Sarayevo"nun rəsmi saytının yazdıqlarını gülünc iddia adlandırıb. O, Bosniya və Herseqovina klubunu diqqətli olmağa çağırıb: "Biz heç vaxt "Sarayevo" ilə danışıqlar aparmamışıq. Hazırda "Qəbələ" ilə oyunu düşünürük. Onların bizimlə oyun keçirmək istədikləri gün səfərdə "İnter"lə qarşılaşacağıq".
Qeyd edək ki, "Sarayevo" öz ölkəsinin çempionatında 18 turdan sonra 34 xalla 2-ci pillədə qərarlaşıb. Bu komanda Antalya toplanışına ötən gün yollanıb.