1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Haqqı ört-basdır edənə salam verməyəcəyəm" - MÜSAHİBƏ
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin (KK) iclasından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, F.Nəcəfov ilk olaraq Premyer Liqanın növbəti turunda "Qarabağ"la evdə keçirəcəkləri vacib matç haqda danışıb.
- Keçmiş oyunları, bəzi qarşılaşmalardakı mübahisəli epizodları müzakirə etdik. Bizi qarşıda "Qarabağ"la çox gərgin oyun gözləyir. İnanıram ki, çox maraqlı görüş olacaq və mübarizə yalnız iki komanda arasında gedəcək.
- Azərbaycan futbolunda kifayət qədər gündəm məsələlərin olduğu halda müzakirəyə cəmi 2 məsələnin çıxarılması nə ilə əlaqədar idi?
- Açığı, müzakirə mövzuları KK sədri Kamran Quliyev və iclasın katibi Firuz Abdulla tərəfindən qeydə alınır. Hansı klub istəsə, əlavə məsələni təklif edə bilər. Bu, 2017-ci ildə ilk görüşümüz idi. Ola bilsin, müzakirəyə az məsələ çıxarılmışdı. Amma fikrimcə, bunlar da vacib idi. Bunlar əvvəllər də "Neftçi" tərəfindən müzakirəyə çıxarılmış, amma xatırlamadığım hansısa səbəbdən qəbul olunmamışdı. Əvəzedici heyətlərin oyununun əsas komanda qarşılaşmalarından bir gün sonra keçirilməsi istəyi ilə yenə Peşəkar Futbol Liqası və aidiyyatı qurumlara müraciət etdik. Digər məsələlər də var idi. Onlar Klublar Komitəsinin gündəliyində yer almasalar da müzakirə olundular. Amma rəsmi olmadıqları üçün deyə bilməyəcəyəm.
- "Qəbələ"ni narahat edən məsələlərdən biri də 4 klubun ev arenasının süni örtüklü olmasıdır...
- Bu məsələ ötən iclasda "Qəbələ" klubu tərəfindən təklif olunmuş və gündəmə gətirilmişdi ki, aidiyyatı qurumlara müraciət olunsun. Amma çox təəssüf ki, klublarda vəziyyət başqa cürdür. Ona görə aidiyyatı qurumları günahlandırmıram. AFFA klublara yalnız dəstək ola bilər. Klubların stadionları çox bərbad durumdadır. Mən "Kəpəz"in "Qarabağ"la oyununu televiziya vasitəsilə izlədim. Gəncə şəhər stadionunun hazırkı durumu hansısa ucqar kənd meydanınkından da betərdir. Orada ümumiyyətlə futbol oynanılmaz! Mən buradan mətbuat vasitəsilə müraciət edirəm. Ona görə yox ki, növbəti iki tur sonra "Kəpəz"lə qarşılaşacağıq. Orada oynayarıq. Amma ən yaxın vaxtlarda o stadionda oyun dayandırılmalıdır. Gəncəli azarkeşlərə böyük hörmətim var. Onlar azərbaycanlı azarkeşlər arasında öncüllərdəndirlər və bəlkə də birincidirlər. Onları futbolsuz qoymaq olmaz. Amma dayandırmaq lazımdır ki, onlar da aidiyyatı təşkilatlardan tələb etsinlər və vəziyyət düzəlsin. Klub olaraq, biz də dəstək verə bilərik. Bilirsiniz ki, bizim stadionlar üzrə mütəxəssislərimiz çox dəyərli və keyfiyyətli ot örtüyü quraşdırıblar. Mən onların gəlməsinə kömək edə bilərəm. Hansısa formada kömək etməyə hazırıq ki, o cür regionda futbol meydanı olsun. Bu olmayan yerdə futbol yoxdur. Eləcə də AZAL-ın, "Zirə"nin meydanları çox bərbad gündədir. Belə yerdə futbol oynanılmaz. İnkişaf burdan başlanır.
- "Qəbələ" - "Qarabağ" oyununa əcnəbi hakimin gətirilməsi fikriniz var?
- "Qəbələ" 2010-cu ildən iddialı olmağa başlayıb. Bunadək büdcəmiz çox aşağı idi. O vaxtdan hər dəfə haqsızlıq olanda mən bu məsələni qabartmışam. Hakimlik məsələsinə gəldikdə, xaricdən dəvət olunmaları istəməyə utanmışam. Çünki xaricdən gətirməklə "Bizdə ədaləti qoruya bilən adam yoxdur" demiş oluruq. Mən bunu bir azərbaycanlı kimi deməyə utanıram. Qoy utansınlar o adamlar ki, elə imici formalaşdırırlar. Bizi belə düşünməyə məcbur edirlərsə, qoy, utansınlar. Əlbəttə, mən də istəyirəm ki, hər oyunda ədalət qorunsun. Amma belə şəraitdə adam məcbur qalır ki, oyunları xaricilərin idarə etməsi haqda fikirləşsin. Söhbət təkcə "Qarabağ"a qarşı oyundan getmir. Növbəti turda bu komanda ilə oyunumuzdakı hakim idarəçiliyi ədalətli ola bilər. Amma digər komandalarla oyunlarımızda eyni hal baş verir axı... Ardıcıl 2 oyunda lehimizə olan qərar verildi. "Neftçi" ilə oyunda ofsayddan qol vurduq. İstəmirəm. Açıq-aydın deyirəm ki, həmin hakim kimdirsə, sağ olsun. Amma elə səhvi bilərəkdən və ya bilməyərəkdən etməsin. Ondansa Fariz Yusifov Ruslan Abışovun ikinci sarı vərəqəsini verərdi. Bu, olardı ədalətli qərar. Nə "Neftçi" inciyərdi, nə biz narazı qalardıq. 10 nəfəri udardıq, yoxsa uduzardıq, bu, artıq öz işimizdir. Yaxud "Zirə" ilə son qarşılaşma olsun. Yan xətt hakimi Zeynal Zeynalov dəfələrlə bizim oyunlarımızda qərəzli qərarlar verib. "Qəbələ" - "Qarabağ" matçında Rəşad Sadiqova qırmızı verdirdi. Onun iş başında olduğu oyunlarda dəfələrlə ofsayddan qollar vurulub. Hamısı da əleyhimizə olub. "Zirə" ilə görüşdə sarı vərəqəni də o verdirdi, ofsayddan qolu da o qeydə almadı. Halbuki, mövqeyinə baxsanız, həmin epizodu necə aydınlıqla gördüyünün şahidi olarsınız. Düz xəttin üstündən görür. Niyə, hansı səbəbə qeydə almır?
- Deməli, bu, hakim səhvi yox, qərəzdir...
- Mən analiz edirəm, özünüz qiymət verin.
- Sizcə, hakimlərin belə idarəçiliyi nədən irəli gəlir: Qorxurlar, yoxsa klublara yarınmağa çalışırlar?
- Mən bunun səbəbini fakt-sübutlarla bilsəydim, açıq-aşkar ortaya qoyardım ki, məsələ belədir. Ya arxaya çəkilərdim ki, gücüm çatmır, ya da üstünə gedib sonuna çıxardım. Amma məsələyə birmənalı yanaşmaq olmur ki, bu, nədən qaynaqlanır. Hər halda baş verir. Hadisəni siz də yaşayırsınız, mən də görürəm. Klublar Komitəsində də bunu açıq-aşkar bildirdim. Baxmayaraq ki, bəziləri AFFA işçiləridir, klubları idarə edirlər. AFFA-nı da başa düşürəm. Klublar ortada qalmamalıdırlar. Arxa durduqları üçün sağ olsunlar. Onlar olmasa, futbolumuz da olmaz. Amma hər şeyin son nöqtəsi var. Bütün klubların rəhbərlərinə müraciət etdim ki, haqqsızlığı deməyə bilərsiniz. Amma bu gündən haqqı ört-basdır edən adama salam verməyəcəyəm.
- Ötən iclasda AFFA Hakimlər Komitəsinə əcnəbi sədrin gətirilmə məsələsini müzakirə etdiyinizi demişdiniz. Bu məsələ yenə gündəmdədir?
- Məncə, biz hakimləri həddən artıq müzakirə edirik. Siz danışdırırsınız, mən də danışıram. Amma burada bir məsələ var. Klub olaraq, bu barədə danışmağımız düzgün deyil. Çünki müvafiq qurum var. Amma bir şeyi deyə bilərəm ki, məsələ hamının qərəz gördüyü vaxt Hakimlər Komitəsin rəhbəri, ona yaxın adamlar, hakim-inspektorlar səhv saydıqda və ya ümumiyyətlə səhv görmədikdə pik nöqtəsinə çatır. "Qarabağ"la oyundakı şübhəli penalti epizodunu bir neçə əcnəbi hakimə göndərdik. Hamı birmənalı olaraq, "penalti deyil" cavabını verdi. Amma təəssüf ki, burada həmin məsələyə başqa cür yanaşdılar.
- Deyilənlərə görə, "Qəbələ" çempion olmasa, maliyyəsi xeyli azaldılacaq. Məhz buna görə klub rəhbərliyi bu dərəcədə narazılıq bildirir...
- Biz son iki mövsümdə Avropa Liqasında uğurla çıxış etdik. "Qəbələ" yaranan gündən klubumuzun prezidenti Tale Heydərov da, biz özümüz də açıq şəkildə deyirik ki, ən böyük vəzifəmiz ölkəmizi xaricdə uğurla təmsil etməkdir. Ölkə çempionu olmaya bilərik, istər zəif olaq uduzaq, istərsə də kənar maneələr üzündən çempion olmayaq, çalışırıq ki, ölkəmizi xaricdə uğurla təmsil edək. Amma büdcənin kəskin azaldılması barədə söhbət olmayıb. Klub prezidenti belə bir söz deməyib. Bu cür məsələlər gündəmdə deyil.