"Zirə”nin qapıçısı Anar Nəzirov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "İnter”lə 1:1 hesablı heç-heçə etdikləri və 74-cü dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyduğu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Qırmızı vərəqə doğru qərar idi?
- Bəli, var idi.
- Yəqin ona görə etiraz etmədiniz...
- Düzdür, vaxtı yubatmaq üçün bir az mübahisə elədim, 10 nəfərlə qalmışdıq. Ancaq təmiz deyirəm, top əlimə dəymişdi. Son adam mən qaldığım üçün məcbur qaldım.
- Komanda yoldaşın Yovan Krnetanın geriyə ötürməsini də tutdunuz...
- Xeyr, ötürmə deyildi, sürüşmə idi.
- Bu gün də hakim səhvləri oldu. Bu barədə nə deyə bilərsiniz?
- Nə bilim, o qədər səhv olur ki, hakimlər təzyiq altındadırlar. Oyunu istədikləri kimi idarə edə bilmirlər. Bu dəqiqə ən populyar insanlar hakimlərdir. Əlbəttə, onlar da belə olmasın istəməzlər. Kim istəyər ki, 5 tur cəza alsın? Çörək qazandıqları yer buradır. Səhvlərin olması çox söz-söhbət yaradır.
- Oyundan sonra "İnter”in mühafizəçiləri ilə aranızda yaşanan insidenti necə qiymətləndirirsiniz?
- Dəqiq bilmədim. Eşitdiyimə görə, mühafizəçilər futbolçumuza qarşı hörmətsizlik edib. Diqqətli olsalar daha yaxşıdır.
- "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun "Zirə” ilə "qardaş” olmağı iddiası barədə ətraflı danışdı. Siz nə düşünürsünüz?
- "Qəbələ” ilə matçın son dəqiqəsi idi. Məcbur idik xal götürək. Baş məşqçimiz özü mənə dedi ki, irəli get. Qol vuracağımıza inam vardı. Qol vurduq, sevindik. "Qəbələ” kimi komandadan son dəqiqə qolu ilə xal almışıq, nəyə görə sevinməyək? Qaldı ki, Rəşad Sadıqova, o cür insan Allaha and içirsə, mənim danışmağımın mənası yoxdur. Mən də deyirəm ki, elə bir şey varsa, Allah mənim bəlamı versin.