"Qəbələ" - "Qarabağ" oyununu mütləq izləyəcəyəm. Qəbələyə getməklə bağlı vaxt problemi var. Çünki bu gün matçımız olmasa da, "Kəpəz"lə oyundan sonra bərpa məşqimiz olacaq".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XIX turunun mərkəzi oyunu - "Qəbələ" - "Qarabağ" matçı barədə danışarkən deyib.
Abdullayev Qəbələdəki oyunun sakit məcrada keçməsini və hakimlik baxımından problemin olmamasını arzulayır. Onun fikrincə, rəqiblərinin hər ikisi çempionluğa layiqdir: "Həm "Qəbələ"yə, həm də "Qarabağ"a uğurlar arzulayıram. Arzum budur ki, oyun normal keçsin, qalmaqal olmasın. Kim güclüdürsə, o da qalib gəlsin. Bu, futboldur, kimsə qalib gəlməlidir. Təbii ki, oyun heç-heçə də nəticələnə bilər. İnanmaq istəyirəm ki, Qəbələdə hakim səhvləri olmayacaq, yaxşı idarəçilik olacaq. Düzdür, son vaxtlar nədənsə hakimlər səhvlərə yol verirlər. Ancaq inanmıram ki kimsə bunu qəsdən etsin. Deyirlər ki, komandalar "qara zolağ"a düşüblər. Hakimlikdə də belə hal mümkündür və qış fasiləsindən sonra uğursuz turları olub. Çempionat fasilədən sonra yeni başlayıb. İnanıram ki, gələcəkdə yaxşı olacaq".
Xatırladaq ki, qış fasiləsindən ən çox hakim səhvləri məhz "Neftçi"nin oyununda olub. Konkret 3 matçda - "Qarabağ" (1:1), "Qəbələ" (0:1) və "Kəpəz"lə (0:0) qarşılaşmalarda bu, özünü göstərib. "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da başlanacaq.