"Kəpəz"in yarımmüdafiəçisi Nicat Qurbanovun Sportnet.az-a müsahibəsi...
- "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XX tur matçına qırmızı vərəqələr damğasını vurdu. Həmin epizodu necə xatırlayırsan?
- Birincisi onu deyim ki, mən durduğum yerdə Kvekveskirini vurmamışam. Hərəkətim səhv ola bilər. Ancaq üzümdən itələdi, mən də özümü saxlaya bilmədim, vurdum. Kameradan elə görünür ki, sanki mən onu dayandığım yerdə vurdum. Ancaq elə deyil. Əliyar Ağayev özü də bunu təsdiqlədi.
- Nika Kvekveskiri də qovuldu. Səncə, hakim ona da qırmızı vərəqə verməklə düzgün etmiş oldu?
- Hər ikimiz idmançıya yaraşmayan hərəkət etdik və buna görə də bizə qırmızı vərəq verildi. Fikrimcə, mənə göstərilən də, ona göstərilən qırmızı da düzgün idi.
- Bəlkə Kvekveskirini sənə qarşı nalayiq ifadə işlətdiyi üçün vurdun?
- Xeyr, sadəcə, hər şey dediyim kimi oldu.
- Həmin epizoddan sonra Renan Silva və Şəhriyar Əliyev sənə nəsə deyirdi...
- Komanda yoşdalarım mənə dəstək oldu. Mənə görə oynayacaqlarını dedilər. Onlara ayrıca təşəkkür edirəm. Düzdür, baş məşqçi kimi Şahin Diniyev öz iradını bildirdi. Bu da normal haldır. Mən də öz növbəmdə nə cəza versələr, razı olacağımı bildirdim.
- Qırmızı vərəqə aldıqdan sonra paltardəyişmə otağına yollanmayıb, pilləkəndə oturub ağlayırdın...
- Pis olmuşdum. İstəyirdim ki, oyuna baxım. Çox istəkli idim. Ancaq komandaya qarşı etdiyim səhvi başa düşdüm. Sırf komandamı pis vəziyyətdə qoyduğum üçün peşmanam.
- Əsas heyətə təzə-təzə düşürdün. Bu qırmızı vərəqə ilə əsas heyətdən uzaq düşəcəyini fikirləşmirsən?
- Düzgün vurğuladınız. Özüməinamım son oyunlarda artmışdı. Əlbəttə, qırmızı vərəqə görməyimin də təsiri olacaq. Ancaq çalışacağam ki, formamı saxlayım. Cəzam hələ ki, məlum deyil. Ancaq ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Səncə, nəyə görə ölkəmizə gələn legioner yerli oyunçulara qarşı istədiyi kimi hərəkət edir və istədiyi sözü də çəkinmədən deyə bilir?
- Yerli uşaqlar həmişə gəlmələrə qarşı hörmətlə yanaşıblar. Çünki biz gözəl başa düşürük ki, onlar ailələrindən uzaq ölkədə yaşayırlar. Ancaq düşünürəm ki, bu hörmət qarşılıqlı olmalıdır. Həm meydanda, həm də meydandan kənarda. İnsanlıq hər şeydən önəmlidir.