AFFA İntizam Komitəsi "Qəbələ" klubunun rəsmi şəxslərinə ağır cəza kəsib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz” – "Qəbələ” görüşündəki hüquq pozuntularına qiymət verən qurum üzvləri sərt qərarlar qəbul ediblər.
Oyunun birinci hissəsi bitdikdən sonra "Qəbələ” klubunun rəsmiləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8000 manat cərimələnib.
Həmçinin "Qəbələ” klubunun digər nümayəndəsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, kluba 8000 manat məbləğində cərimə kəsilib. Eləcə də, klubun digər rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klub isə 16000 manat cərimə olunub.
"Qəbələ” klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 4000 manat cərimələnib.
Oyunun 38-ci dəqiqəsində "Kəpəz” klubunun futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib.
Matçın 38-ci dəqiqəsində "Qəbələ” klubunun futbolçusu Nika Kvekveskiri rəqib oyunçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, kluba 2400 manat cərimə kəsilib.