"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk
Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "İnter”i məğlub etdikləri (2:0) oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib.
- Əsas nəticə idi. Nəticəni də əldə etdik. Birinci hissənin əvvəlində bilmirəm nədən, tələsik qərarlar qəbul etdik. Ancaq ikinci hissədə oyunumuzu düzəltdik və qalib gəldik.
- Düşünmürsüz ki, ilk hissədə komandanın oyununun alınmamasında "Qarabağ”ın "Sumqayıt”a qalib gəlməsi rol oynadı?
- Belə düşünmürəm. Bəlkə də, "Qarabağ”ın qalib gəlməsi səbəblərdən biri ola bilərdi. Bu, uşaqlarda narahatlıq yarada bilərdi. Ancaq ikinci hissədə vəziyyəti düzəltdik.
- Artıq ikinci oyundur ki Dabo və Subotiç eyni vaxtda meydanda olanda, komanda qol vurdu. Növbəti matçda bu cütlüyü start heyətində görə bilərik?
- Onları əvvəllər də eyni vaxtda meydanda görə bilərdik. Ancaq Dabo zədəli idi. Buna görə imkan olmurdu. Artıq Dabonun zədəylə bağlı narahatlığı qalmayıb.
- Rasim Ramaldanovun durumu necədir?
- Futbolçunun reaksiyasından belə hiss etdim ki, sınıq var. Amma bu, dəqiq deyil. Ümid edirəm ki, Elvin Camalovdan sonra onda da belə zədə olmasın.
- Komanda çempionatda yaranacaq fasiləni necə dəyərləndirəcək?
- Elə də böyük fasilə deyil. Növbəti oyun ayın 14-dədir. Məşqlərimizi davam etdirəcəyik. Bəzi futbolçularımız millinin heyətində olacaq.
- Futbolçuların milliyə dəvət olunması növbəti oyununun hazırlığına təsir etməyəcək ki?
- Oyunçuların milli komandaya getməsini anlayırıq. Yığmanı qarşıda çətin oyunlar gözləyir. Düzdü, bu, bizə müəyyən çətinliklər yaradır, ancaq biz fəxr edirik ki, oyunçularımız milliyə cəlb edilir.