"Qəbələ”nin futbolçusu Teo Uiks Azərbaycan Premyer Liqasının XXI turunda "İnter” üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
-Vacib qələbə qazandınız. Matçla bağlı nə deyə bilərsiniz?
- Bura gəldiyim ilk gündən deyirəm – qalib gəldiyimiz hər bir oyun bizim üçün çox vacibdir. Xüsusilə də indiki vəziyyətdə.
- Hesab gec açıldı, sanki komandada əsəbilik var idi. Bu, "Qarabağ”ın "Sumqayıt”ı məğlub etməsi ilə bağlı idi?
- Yox, bu, bizi qətiyyən narahat etmirdi. Təzyiq odur ki, bütün oyunları udmalıyıq.
- Yeni gələndə ulduza çevrilmişdiniz. Bu gün isə Nika Kvekveskirinin yoxluğunda meydana çıxdığınız. Ehtiyatda qalmağınız hazır olmamağınızla bağlıdır, yoxsa baş məşqçinin qərarıdır?
- Təzə gələndə baş məşqçi mənə inanırdı, heyətə qoyurdu. Yenə də onun seçimidir. Nikanı qoyanda, Nika, məni qoyanda isə mən oynayacağam. Bu durum məndən asılı bir şey deyil. Məşqçi inanırsa, oyunçu ulduz ola bilər.
- "Qəbələ”ni çətin marafon gözləyir, əsas rəqiblərlə Bakıda oynayacaq. Komanda liderliyini qorumağı bacaracaq?
- Bütün oyunlar müxtəlifdir. Qəbələdə və ya Mançesterdə oynamağın fərqi yoxdur. Hər bir matç çətindir.
- "Qəbələ” - "Qarabağ” matçındakı ajiotajın sizin xeyrinizə olduğunu söyləmək olar? Çünki Ağdam klubu ilə Qəbələdəki matçda xeyli sayda azarkeş gəlmişdi...
- Bəli, azarkeşlərin çoxluğu bütün komandalara vacibdir. Onlar nə qədər çox olsa, komandalarına rahatlıq yaradır. Xüsusən, çempionluğa oynayan komandaların qarşılaşmalarında bu, önəmli amildir.