"Oyun haqda fikir bildirmək çətindir. Aydın məsələdir ki, bu qarşılaşmada bizə nəticə, 3 xal qazanmaq lazım idi. Biz bunu bacarmadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransından sonra deyib.
52 yaşlı mütəxəssis xal itkisinə görə futbolçuları qınamağın çətin olduğunu bildirib: "Birinci hissədə 5 - 7 dəqiqə düzgün oynamadıq və rəqib qısa müddət topa nəzarət etdi. Bu anlar istisna olmaqla, böyük üstünlük bizdə idi. Yaxşı oynadıq. Amma yenə vurmalı olduğumuz qolları rəqib qapısından keçirə bilmədik. Az qol vuranda və imkanlardan istifadə edə bilməyəndə qələbə qazanmaq imkanından məhrum olursan".
Qriqorçuk qalan 4 tur matçlarının hamısına qələbə üçün çıxmalarının vacibliyini vurğulayıb: "Bu nəticəni arxada qoyub, yolumuza davam etməliyik. Bugünkü görüşün nəticəsindən asılı olmayaraq, qarşıdakı görüşlərdə, hər oyunda qalib gəlməliyik. Aydındır ki, turnir cədvəli baxımından işimizi çətinləşdirdik. Bu matçadək hər şey öz əlimizdə idi. Amma indi biz "Qarabağ”a qalib gəlməli və onların daha bir dəfə büdrəməsini ümid etməliyik. Özün qalib gəlmirsənsə və bugünkü kimi matçlarda qələbə qazana bilmirsənsə, qızıl medal əldə etmək vəzifəsi çox çətinləşir. Belə matçları isə udmamaq olmaz. Biz isə qalib gələ bilmədik”.
Qeyd edək ki, hazırda 48 xala malik "Qəbələ" lider "Qarabağ"dan 4 xal geri qalır.