"Qəbələ" Futbol Akademiyasının komandaları bu ay bir neçə turnirə qatılacaq.
Akademiyanın direktor müavini Nail Kərimov Sportnet.az-a açıqlamasında 3 yaş qrupu üzrə müxtəlif yarışlarda iştirak edəcəklərini bildirib. Onun sözlərinə görə, "Qəbələ"nin U-12 komandası Türkiyədə ənənəvi "İzmir Cup" turnirində çıxış edəcək. Yarış 12 - 15 apreldə baş tutacaq.
U-15 komandası Yunanıstanın paytaxtı Afinada "Elite Neon Cup"da qüvvəsini sınayacaq. Qrupda "Qəbələ"nin rəqibləri "Apollon" (Kipr), "Partizan" (Serbiya) və "Panatinaikos" (Yunanıstan) olacaq. Bu turnir 19 - 24 apreldə keçiriləcək.
U-16 komandası isə Gürcüstanın paytaxtı Tbilisidə Vitali Daraseliyanın xatirə turnirində mübarizə aparacaq. "Qəbələ" Tbilisi "Dinamo"su, Belçikanın "Gent" və İtaliyanın "İnter" klubları ilə eyni qrupa düşüb. Turnir 19 - 26 apreldə olacaq.
Qeyd edək ki, "Qəbələ"nin əsas komandası 2015-2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la üz-üzə gəlib. Qalmaqallı qarşılaşmalar Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:1, 1:0. Elə həmin mövsüm Roman Qriqorçukun komandası Avroliqanın pley-offunda səfər qolları sayəsində "Panatinaikos"u mübarizədən kənarlaşdırıb - 0:0, 2:2.