UEFA-nın "Pro” kateqoriyası üçün nəzərdə tutulan seminarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanan "Zirə”nin baş məşqçisi Ayxan Abbasov vətənə dönüb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, aprelin 10-da Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində "İnter”lə görüşdən sonra səfərə çıxan 36 yaşlı mütəxəssis dünən axşam Bakıya qayıdıb.
Bu gün baş tutacaq məşq prosesinə A.Abbasov özü rəhbərlik edəcək.
Heyətdə cəzalı futbolçu olmasa da, müdafiəçilər – serbiyalı Yovan Krneta və Sadiq Quliyev zədəlidir. Onların növbəti turda "Sumqayıt”la görüşdə iştirakları sual altındadır.
Qeyd edək ki, aprelin 15-də keçiriləcək "Sumqayıt” – "Zirə” qarşılaşması saat 16:30-da başlayacaq.