"Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov "İnter"i 4:3 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Mövsümü "Qəbələ” üçün necə dəyərləndirirsən?
- Ağır mövsüm keçdi. Çempionluq üçün oynayırdıq, ancaq gümüş medallar qazandıq. İlk dəfədir ki, "Qəbələ” ikinci pilləni tutur. Amma biz çempion ola bilmədiyimizə görə üzgünük. Sona 3-4 tur qalmış çempionluq əlimizdən çıxdı.
- "İnter”lə oyunda da mərkəz müdafiəçisi kimi oynadın. Artıq stopper kimi oynamağa öyrəşmisən?
- Artıq öyrəşmişəm, qapıdan başqa harada desələr, oynaya bilərəm (gülür). Roman Qriqorçuka demişəm ki, qapıdan və hücumdan başqa harada qoysa, oynayacağam. Peşəkar olmalıyıq və üç-dörd mövqedə oynamalıyıq.
- Qol vurmağın da var axı...
- Yox, hücumçu oynaya bilmərəm. Bunu etiraf edirəm.
- Səncə, çempionluğun qırılma nöqtəsi hansı oyun oldu?
- 2-3 oyunda oldu. Birinci AZAL-la oyunu qeyd etmək istərdim. Səfərdəki matçda son dəqiqələrdə qol buraxdıq və çox vacib xallar itirdik. Bundan savayı evdə "Zirə” ilə görüşdə xal itirdik. Halbuki qalib idik və qələbəyə yaxın idik.
- Hakimlər çempion ola bilməməyinizdə nə dərəcədə rol oynadı?
- Bəli, rol oynadılar. Üç-dörd oyunda hakimlərin kobud səhvləri ilə üzləşdik. Amma belə səhvlər özümüzdə də çox idi. Elə oyunlar var idi ki, xal itirməməli idik, ancaq itirdik.
- Gümüş medallar şirin gəlir, yoxsa qızıl medal olmasını istəyərdin?
- Əlbəttə ki, acı gəlir. Çempionluğa oynayırdıq, səhvlər etdik və sonda gümüş medala layiq görüldük. "Qəbələ” ilk dəfədir ki, ikincilik qazanır. Amma hədəfimiz çempionluq idi.
- Ölkə kubokunun finalında qalib ola biləcəksiniz?
- Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq.