"Kəpəz” klubu 5 yerli futbolçusu ilə yollarını ayırıb. Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar kapitan Tural Axundovla yanaşı, Tural Qürbətov, Tural Nərimanov, Nicat Qurbanov və Eyyub Əliyevdir.
Axundov öz istəyi ilə komandanı tərk edib. O, klub rəhbərliyindən xahiş edərək ailə məsələsinə görə, "Kəpəz”dən ayrılmaq istədiyini bildirib. Axundov gedişi haqda kapazpfc.az-a açıqlamasında deyib: "Gəncə klubunu sırf ailə məsələsinə görə tərk edirəm, ortada pul söhbəti yoxdur. İkinci övladım dünyaya gələndən sonra qayğılar artıb. Ailəmə daha çox yaxın olmaq üçün məcburiyyət qarşısında bu addımı atdım. "Kəpəz”in azarkeşləri qarşısında baş əyirəm. Onlar komandada çıxış etdiyim müddətdə mənə dəstək oldular, hamısına minnətdaram. Klubdan xoş təəssüratlarla ayrılıram”.
Son iki mövsümdə "sarı-göylər”in kapitan sarğını daşımış Axundov 62 oyunda 11 qola imza atıb. O, "Sumqayıt” ilə müqavilə bağlayıb.
"Kəpəz” rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında onlara uğurlar arzulayır.
Qeyd edək ki, 3 adaşının gedişindən "Kəpəz"də cəmi 1 Tural qalıb. Onun soyadı Rzayevdir. Daha əvvəl komandanı Dario Federiko da tərk edib.