Meksika və Almaniyanın veteran futbolçularından ibarət komandaları yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Sportnet.az-ın məlumatına görə, iyulun 9-da Meksikanın Sokalo şəhərindəki qarşılaşma iki ölkənin 1986 və 1998-ci il dünya çempionatlarında baş tutmuş görüşlərini xatırlatmaq məqsədilə təşkil olunacaq.
"Revanş" adlanan görüş Meksikanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə baş tutacaq. Manuel Lapuentenin baş məşqçi olacağı Meksika millisində Manuel Neqrete, Xorxe Kampos, Karlos Hermosilyo, Klaudio Suares, Kuautemok Blanko, Luis Hernandes, Pablo Larios, Fernando Quirarte, Migel Espanya, Feliks Kruz, Fransisko Xavyer Kruz, Tomas Boy, Pavel Pardo, Alberto Qarsia Aspe, Ramon Ramires və Luis Qarsia yer alacaq.
Almaniya yığmasına isə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts rəhbərlik edəcək. O, Yurgen Klinsmann, Tomas Helmer, Ulrix Ştayn, Mattias Herget, Andreas Breme, Klaus Augentaler, Tomas Bertold, Lotar Matteus, Pyer Littbarski, Karl Allqover, Quido Buxvald, Frank Mill, Yorq Haynrix, Şteffan Fröynd, Tomas Hassler və Olaf Marşalla güvənəcək.
Qeyd edək ki, DÇ-1986-da Almaniya Meksikanı 1/4 finalda penaltilər seriyasında 4:1, DÇ-1998-də isə 1/8 finalda 2:1 hesabı ilə yenib. İkinci görüş zamanı Berti Foqts Bundestimin baş məşqçisi olub. O, 1/4 finalda Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları görüşdən sonra istefa verib. Foqts 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik etdiyi vaxt Ulrix Ştayn onun köməkçisi olub.