
"Qarabağ" klubu Rusiyanın "Dinamo" (Moskva) komandası ilə Avstriyada keçirdiyi yoxlama matçında ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisinin hücumçusu Dino Ndlovu 80-ci dəqiqədə rəqib qapıçı Anton Şuninlə toqquşma nəticəsində yerdə qalıb.
Bu zaman Şunin cənubi afrikalı forvarda kəskin formada irad bildirdikdə, iki komandanın oyunçuları arasında insident yaşanıb. Aranı sakitləşdirmək mümkün olsa da, dizindən xəsarət alan Ndlovu həkimlərin səyinə baxmayaraq, oyunu davam etdirə bilməyib. Bunadək o, daha bir dəfə tibbi müdaxiləyə məruz qalmışdı.
Klubun mətbuat katibi Nurlan İbrahimovun Sportnet.az-a verdiyi məlumata görə, hələlik zədənin ciddilik dərəcəsi məlum deyil: "Ndlovunun dizində ağrılar var. Yəqin ki, sabahadək durumuna aydınlıq gələr".
Qeyd edək ki, görüş "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 1:0.