"Zirə"nin futbolçusu Təmkin Xəlilzadə Lüksemburq "Differdanj"ına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi əvvəlcə qələbəni şərh edib...
- Oyunun çətin keçəcəyini gözləyirdik. Bütün Azərbaycanı təbrik edirəm. Xalqımızı sevindirmək istəyirdik. Şükürlər olsun ki, Allah bizi utandırmadı. Hələ heç nə bitməyib. İşimizin nəticəsi Lüksemburqda bilinəcək. Cavab görüşünə də yaxşı hazırlaşacağıq.
- Rəqibin belə zəif olacağını gözləyirdiniz?
- Deməzdim ki, zəif idilər. Rəqib təcrübəli komandadır. Çox ağır oyun keçdi. "Differdanj"ı o dərəcədə alçaltmaq istəməzdik. Dişimizə görə rəqib idilər.
- Bu komandaya neçə oyun lazımdır ki, futbolçular arasında tam anlaşma yaransın?
- Komandamızda yeni futbolçular çoxluq təşkil edir. Türkiyədəki təlim-məşq toplanışından etibarən bir-birimizə uyğunlaşmağa çalışırdıq. Meydanda uyğunlaşma sarıdan elə də böyük problem görmədim. Oyundan-oyuna, məşqdən-məşqə daha da yaxşı olacağıq.
- Hara kimi getmək istəyirsiniz?
- Bacardığımız qədər uduzmamağa çalışacağıq. Hər oyuna bu hədəflə çıxacağıq. Təbii ki, qrupa çıxmağı qarşımıza məqsəd qoymamışıq.
- Bacardığınız nədir?
- Görək də. Bir-iki mərhələ keçməyə çalışacağıq.