1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klub rəhbərləri: Tərcüməçi, nazir oğlu, biznesmen, “müşahidə”çi - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasına başlayır. İlk yazı klub prezidentlərinə həsr olunub. Rəhbər şəxslərin fəaliyyətlərini gözdən keçirib, onların bu postu tutmalarını şərtləndirən amilləri, klub idarəçiliyində rollarını qabartmağa çalışacağıq...
Müstəqillik dönəmində Azərbaycan Premyer Liqasında çıxış edən əksər klublar oxşar struktura malik olub, prezidentlər tərəfindən idarə ediliblər. Həmin rəhbər şəxslərin bir çoxu klubun birbaşa sahibi, sponsoru olublar. Bəzi təmsilçilərimizin tarixin yaddaşına köçmələrinin səbəbi də məhz bir adamın cibindən maliyyələşmələrindən irəli gəlir. Ümumiyyətlə, ölkəmizdə başqan olmağın iki ənənəvi yolu var: ya özün yaratdığın klubun başına keçirsən, ya da təyin olunursan.
Prezidentləri taxtdan salan "Şura hökuməti”
14 avqust 2013-cü ildən etibarən Azərbaycan futbolunda yeni dönəmə qədəm qoyuldu. AFFA İcraiyyə Komitəsinin iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul edildi. Bununla da bəzi Premyer Liqa təmsilçiləri struktur dəyişikliyinə gedib, prezident vəzifəsini ləğv etdilər.
Ötən müddət ərzində "Şura hökuməti”nə boyun əyməyən iki klub qalıb – "Qarabağ” və "Qəbələ”. Maraqlıdır ki, son illər avrokuboklardakı uğurlarımız məhz bu iki kollektivin adı ilə bağlıdır. Əvəzində federasiyanın qərarına ən tez riayət edən "Neftçi” autsayderə çevrilib, imicini xərcləməklə məşğuldur.
2017/2018 mövsümündə Premyer Liqada çıxış edəcək 8 klubdan tən yarısının prezidenti yoxdur. Onlardan 3-də rəhbər postu Müşahidə Şurasının sədri tutur. "İnter”də Zaur Axundov bütün işləri öz əlində cəmləməyə çalışdığı bir vaxtda, debütant "Səbail” Rəşad Abdullayevin istefasından sonra boşalan posta gələcək şəxsin yolunu gözləyir. "Kəpəz”də isə sədr Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev olsa da, əksər məsələlərlə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev məşğul olur. Bu da klubun əksər xərclərinin milli assosiasiya tərəfindən qarşılanması ilə əlaqədardır.
"Zirə”nin durumu isə bir qədər fərqlidir. Vüqar Astanov 2016-cı il avqustun 9-da işlərinin çoxluğunu əsas gətirib prezident postu ilə vidalaşandan bəri bu vəzifə vakant qalıb. Üstəlik, həmin vaxtdan buraxılan Müşahidə Şurasından da xəbər yoxdur. Əvəzində "Zirə”nin Azərbaycan millisinin və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov tərəfindən də idarə olunmasına dair xəbərlərə rast gəlməkdəyik...
Fərqli statusa malik başqanlar
Elitada təmsil olunan 4 klubun prezidenti var ki, onlarında mövcud statusu fərqlidir. "Sumqayıt” zamanında Müşahidə Şurasını təsis edib, prezident postuna toxunmayan iki klubdan biridir (digəri "Zirə” idi – red.). Klub başqanın - Kamran Quliyevin sərəncamındadır. Müşahidə Şurasının üzvü və klubun əsas himayəçisi sayılan "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevi yalnız müxtəlif tədbirlərdə qonaq qismində görmək olar.
"Nefçi” də həm Şurası, həm də prezidenti olan klubdur. Lakin paytaxt təmsilçisi Sadıq Sadıqovun taxtdan salınması ilə müşayət edilən prezident postunun ləğvinin yanlış qərar olduğu qənaətinə bir neçə gün öncə gəldi. Bunadək icraçı direktor olan Orxan Hüseynzadə artıq başqandır.
"Qarabağ” və "Qəbələ”nin rəhbərlərindən fərqli olaraq, K.Quliyevlə O.Hüseynzadə bu posta təyin ediliblər. Hər iki şəxs AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı hesab olunur.
Ağdam və Qəbələ təmsilçilərində prezident postunu birbaşa klubun sahibləri tutsa da, Abdulbari Gözəlin Tale Heydərovla müqayisədə klubun işinə daha az müdaxilə etdiyi görüntüsü müşahidə olunmaqdadır. Həmçinin onlar klubun gündəlik işlərinə qarışmır, strateji məsələlərdə müdaxilə edirlər.
Ümumiyyətlə, "Qarabağ”da prezident postunun kimə məxsus olması ilə bağlı hərdən müəyyən fikirlərə rast gəlinir. Mətbuatda bəzən Abdulbari Gözəl klubun fəxri prezidenti, Tahir Gözəl isə prezidenti kimi təqdim olunur. Amma klub bəyan edir ki, "Qarabağ”ın prezidenti Abdulbari Gözəldir. Tahir Gözəl isə vitse-prezidentdir. A.Gözəl 23 avqust 1949-cu ildə İranın Maku şəhərində dünyaya gəlib. O, orta təhsilini başa vurduqdan sonra babasının yanında qida ticarəti ilə məşğul olub və 1968-ci ildə işin həcmini böyüdərək onu 50-60 milyon dollara qədər yüksəldib.
"Qarabağ”ın prezidenti 1980-ci illərdə gəldiyi Türkiyədə "Etsun A.Ş.” adlı bir şirkət təsis edir. 1994-cü ildə isə BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq, onları Dubayda "İntersun Holding” şəmsiyyəsi altında birləşdirib.
1994-cü ildən Azərbaycanda biznes quran T.Gözəl, "Azersun Holding”i təsis edib. 2001-ci ildən isə "Qarabağ”ı himayəsinə götürüb.
"Qəbələ” prezidentinin rəngarəng sosial həyatı
A.Gözəllə "Qəbələ”nin başqanı T.Heydərov eyni statusa malik olsalar da, fərqli tərcümeyi-halları var. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu 9 fevral 1985-ci ildə dünyaya gəlib və rənagərəng sosial həyatı olan şəxsdir. O, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, "Qəbələ” idman klubunun prezidenti, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumlarin təsisçisi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. 2001-2003 illərdə Londonda Kolinqam Kollecində oxuyub, 2003 - 2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. 2006 - 2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsinə yiyələnib.
2005-ci ildən "Qəbələ” Futbol Klubunun, 2013-cü ildən isə klubun bazası əsasında yaradılan "Qəbələ” İdman Klubunun prezidentidir.
2006-cı ildə ingilisdilli "Visions of Azerbaijan” jurnalını təsis edib, həmin vaxtdan jurnalın baş redaktorudur. İki aydan bir nəşr edilən jurnal Azərbaycanın tarixini, mədəniyyətini, təbiətini beynəlxalq əlaqələr, biznes və turizm kontekstində tanıtımını həyata keçirir. Jurnal Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış addımlar haqda da müntəzəm xəbərlər verir.
T.Heydərov 2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub. Məktəbin Himayədarlar Şurasının Prezidentidir. 2014-cü ildə "TEAS Press” nəşriyyat evini təsis edib. Nəşriyyat Azərbaycanın ədəbi və elmi nailiyyətlərini dünyada tanıtmaq üçün yerli müəlliflərin əsərlərinin ingilis dilinə tərcüməsi və nəşrini təşkil edir. 2012-ci ildə Beynəlxalq Film Şirkəti təsis edib. Şirkət yüksək ixtisaslı yaradıcı heyətlə təmin olunub."Gənc səslər, qədim nəğmələr”, "Azərbaycan xaricilərin gözü ilə” və "İvonna Botto-Şirməmmədovanın həyat hekayəsi” filmlərinin icraçı prodüseridir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.
Tərcüməçilikdən prezidentliyə
"Neftçi”nin prezidenti Orxan Hüseynzadənin hekayəsi isə tamam fərqlidir. Bunu onun öz dilindən eşitdik: "Futbol sahəsində ilk işim Portuqaliya yığmasına tərcüməçilik etmək olub. 2000-ci il Avropa çempionatının seçmə mərhələsi zamanı Bakıya gələn portuqaliyalılara yardım etmək üçün AFFA tərəfindən dəvət olunmuşdum. Elə alındı ki, bundan sonra davamlı olaraq, federasiyadan tərcüməçi funksiyasını yerinə yetirmək üçün çağırıldım”.
1976-cı il fevralın 15-də Bakıda anadan olan O.Hüseynzadə Bakı Dövlət Universitetinin Beynalxalq hüquq və münasibətlər fakültəsinin, həmçinin London Business Administration Universitetinin məzunudur. 1999 - 2001-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində çalışıb. 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə "Olimpik” FK-nın (hazırda "Şüvəlan” FK) baş direktoru, 2006-2007-ci illərdə isə "Standard” FK-nın vitse-prezidenti postunu tutub. 2007 - 2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib. 2010-cu ildən Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının təsnifat mərhələsinin oyunlarına UEFA nümayəndəsi kimi təyinat alır. 2016-cı ildən FIFA komissarıdır.
2016-2017-ci illərdə "Neftçi"nin icraçı direktor vəzifəsində çalışıb, 2017-ci il iyulun 6-da klubun təsisçisinin qərarı əsasında baş verən struktur dəyişiklikdən sonra prezident təyin olunub: "2004-cü ildən AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işə başladım. Həmin ilin sonunda "Olimpik” klubuna getdim. Növbəti il isə "Standard”da vitse-prezident oldum. 2007-ci ilin dekabrından məni yenidən AFFA-ya dəvət etdilər. Bu dəfə Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsinə. 2010-cu ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq oyunlara təyina almağa başladım. 2016-cı ildən isə FİFA komissarıyam. Ötən il oktyabrın 26-da "Neftçi”yə gəldim”.
O.Hüseynzadə hesab edir ki, klub rəhbəri ən azı 5-6 il bu sektorda çalışan şəxs olmalıdır. Onun sözlərinə görə, kənar adam futbol sahəsinə gəldiyi üçün çox tez məyus olacaq: "Struktur dəyişkiliyi bütün idarəçiliyin bir şəxsdə cəmlənməsi üçün edilib. Düşünürəm ki, bu, klubun inkişafına daha çox təkan verəcək. Bütün məsələləri bir şəxsdən soruşacaqlar. Klub rəhbərləri futbol adamları olmalıdırlar. Çünki kənar adam bu sektora daxil olanda fərqli bir dünya görür. Burada insanların yanaşması və münasibəti bir qədər fərqlidir. Hər şey çox tez baş verir. Demək olar ki, futbol sahəsində stabillik yoxdur. Futboldan kənar adam bu təzyiqə tab gətirə bilməz. Düşünürəm ki, həmin kənar adam futbol sahəsinə gəldiyi üçün çox tez məyus olacaq (gülür – red.). Klubu idarə edən şəxs bu məktəbi lap aşağı pillələrdən başlamalıdır. Klub prezident olmaq üçün ən azı 5-6 il futbol sektorunda çalışmaq zəruridir”.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.