1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bitməyən "bəlkə"lər...
Daşqın ƏZİZ
Güya oyuna "doğma meydan" amili ilə çıxmışdılar. Amma meydanda doğmalıq heç sezilmirdi. Millinin oyunu olsa da, tamaşaçı gözə dəymirdi. Bilmirəm, ya ilk oyunda 10 nəfərlə qalan İsrailə biabırçı məğlubiyyət səbəbindən, ya da stadionun uzaqlığından təşrif buyurmamışdılar. Azarkeş sarıdan o qədər sükut var idi ki, oyunu televiziya vasitəsilə şərh edən həmkarımızın səsi demək olar ki, bütün meydan boyu eşidilirdi. Hər nə isə... Gələk oyuna.
Yığmamız cari seçmə mərhələdə ikinci görüşünü keçirirdi. Digər komandalardan fərqli, biz mübarizəyə yeni qoşulmuşuq. İlk oyun səfərdə İsraillə oldu. Gözləyirdik ki, yığmamızın seçmə mərhələyə qələbə ilə başlaması çox yaxşı olar. Amma qələbə nədir? Rəqib oyunun gedişində azlıqda qala-qala bizə futbol dərsi keçdi. Milli komanda çox zəif çıxış etdi. Oyun bitdi, iki kəlmə deyib birtəhər yola verdilər. Həm də əsas millinin ertəsi gün Norveçlə oyunu vardı, diqqətlər ora yönəlmişdi deyə cavanları əməlli-başlı tənqid etmək yaddan çıxdı.
Növbəti oyun isə dünən Bakıda oldu. Baş məşqçi Yaşar Vahabzadənin bu oyunda meydana buraxdığı heyətdə legionerlər yenə çoxluq təşkil edirdi. 4 türk futbolçunun da milliyə "kömək" etdiyi oyunda komandamız yenə uduzdu. Oyunda hesabı irlandlar açdı. Ancaq çox keçmədi ki, kapitan Mahir Mədətov fərdi ustalığı ilə rəqibin cərimə meydançasına daxil oldu və hesabı bərabərləşdirdi.
Fikirləşdik ki, ardı gələcək, rəqibin vurduğu təsadüfi qol idi. Sən demə, bu görüb-görəcəyimiz yeganə qol oldu. Müdafiədə buraxılan səhvlər, qapıçı abimizin yol verdiyi nöqsanlar ucbatından daha 2 qol gördük. Oyun boyu top itkiləri, "fərdi ustalıq" göstərməyə çalışmaq və digər amillər məğlubiyyətin əsas səbəbi oldu.
Müdafiəçimizin rəqibin pressinqi nəticəsində ona ötürülən topla "sehrbazlıq" etmək istəyi və sonunda topu itirməsi rəqibə əla şanslar verirdi ki, rahatlıqla cərimə meydançamıza daxil olub təhlükəli vəziyyətlər yaratsınlar. Kapitan Mahir Mədətov isə gördü ki, iş belə getməz, oyunu öz üzərinə götürmək istədi. O da alınmadı. Özü də zədələndi və məcburən əvəzləndi. Komandamız yenə 1:3 hesabı ilə uduzdu.
Mətbuat konfransında Vahabzadənin futbolçuların top saxlaya bilməməsi məsələsinə "onlara top saxlamağı öyrədə bilmərəm axı" cavabını verməyi hər şeyi ifadə edirdi. İsraillə görüşdə də eyni səhvlər oldu, bu oyunda da artıqlaması ilə təkrarlanırdı. Bunu aradan qaldırmaq mümkün deyil? Nə qədər belə biabırçı rəzalətlərə şahidlik edəcəyik?
Bu, milli komandadır. Əsas yığmadan sonra ölkəni təmsil edən ikinci komandadır. Ancaq Avropa çempionatının seçmə mərhələsinə belə başlamaq yaxşı sonluğun olmayacağından xəbər verir. Bilirsiniz, bizim yığma komandalarda belə bir xüsusiyyət var. "Tsikl"ın əvvəlində uduzur, ancaq sona yaxınlaşanda yaxşı oyun göstərib xal qazanırlar. Bununla da azarkeşlərlə özlərinin başını aldadırlar ki, inkşaf var.
İnkşaf varsa, niyə belə ortabab komandalara rüsvayçı şəkildə uduzuruq? Problem bir deyil, iki deyil ki,"Məsələ sırf budur" deyəsən. Hər oyun insanı hövsələdən çıxardan, yeni kəşf olunmuş səhvlər görürük.
Yenə də qarşıdakı oyunlarda uğurlar arzulayaq ki, bəlkə düzələ. Amma bu "bəlkə"ləri çox demiş, çox əkmişik, ancaq hələ ki bitdiyini görən olmayıb...