Veteran futbolçu Əfqan Talıbov "Qarabağ"ın İngiltərədə "Çelsi" ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçını dəyərləndirib. Təcrübəli mütəxəssis bununla bağlı Sportnet.az-a müsahibə verib...
- Oyunu necə dəyərləndirirsiniz?
- Hər şeydən əvvəl, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi, debütü çox sevindirici haldır. Arzu edərdim ki, Çempionlar Liqasına cığır açan "Qarabağ" kimi belə dayanıqlı, təmkinli, infrastrukturlu, nizam-intizamlı komandalarımızın sayı artsın. Qrupa kimi mərhələ-mərhələ gəlmək, düşmək, oynamaq bunlar hamısı öz yerində. Bizi sevindirən əsas məqam odur ki, biz gəldikcə dünyanın heç bir klubu yerində qalmır, yəni ümumilikdə komandalar hamısı inkşaf edir. 6 top buraxmağımız bizi narahat etdi, ancaq nə qədər danışsaq da, səviyyə özünü biruzə verir. "Qarabağ"ın heyətində Dino NDlovunun və yeni transfer Pedro Enrikenin çıxışı yerli futbolçuların oyunundan fərqli idi. Yəni, onların oyunu digərlərindən fərqlənirdi. Biz də çalışmalıyıq ki, yaradılan bu şəraitdən, atmosferdən istifadə edək və xeyrimizə olsun.
- 6 cavabsız qolla uduzmağın səbəbini nədə görürsünüz?
- Pedro Rodrigesin 5-ci dəqiqədə vurduğu erkən qol komandanın həyəcanını daha da artırdı. Mən deməzdim ki, "Çelsi"nin futbolçuları komanda şəkilində "Qarabağ"ı "yıxıb-sürüdülər". Fikir verin, komanda şəkilində Fabreqasla, Vilian sağ cinahla irəliləyir və birdən ötürməni edir. Mərkəz müdafiəçisi də başla fərqlənir. Fikirimcə, səviyyə cəhətdən onlara qarşı mübarizə aparan hücumçu Dino N"Dlovu ilə Pedro Enrike idi. Onlar həmin mühitə uyğun idilər. Ancaq "Çelsi" illərin güclü komandasıdır və bizim gəlib onlarla heç-heçə etməyimiz bir az inanılmazdır. Tez bir şəkildə özümüzə gəlməliyik. Bakı Olimpiya Stadionunda güclü dəstək olacaq, futbolçularımız da ölkə çempionatında bir-iki oyun keçirib, "Roma" ilə oyuna qədər özünə gələcək. Ancaq, əfsuslar olsun ki, səviyyə özünü göstərir. Məsələn, qrupda "Portu", "Benfika", "Spartak", "Beşiktaş" kimi klublarla düşmək bizim üçün daha yaxşı olardı. Biz isə "Çelsi", "Atletiko" və 5-liyin daim bu turnirdə oynayan komandası olan "Roma" ilə mübarizə aparırıq. Buna görə də, təbii ki, səhvlər araşdırılmalı və təhlil edilməlidir. Müdafiə xəttində ayıq-sayıq və diqqətli oynamalıdırlar, çünki usta komandalar belə səhvləri bağışlamır.
- "Qarabağ"ın taktiki səhvlərə yol verdiyi bildirilir. Bununla bağlı sizin mövqeyiniz necədir?
- Taktikada yanlışlıqlar varsa, onu məşqçilər korpusu araşdıracaq və təhlil edəcəklər. Sadəcə, taktika qurulanda, Ndlovu mövqeyində elə oynamalıdır ki, sanki "Xetafe" "Barselona" ilə oynayır. Müdafiədə də Rəşad - Bədavi - Jezniçak üçlüyü elə oynamalıdır ki, boşluqlar yaradılmasın. Cinahlarda isə Maksim Medvedev və Donald Gerye. Gerye elə istəkli idi ki, müdafiədə bəzi səhvlərə də yol verirdi. Bu beşlik 15 dəqiqə ərzində hücuma getmədən rəqib oyunçuların bu xətti keçməsinin qarşısını almalıdır. Yəni, o beşlik müdafiəni də, cinahları da tam bağlayır. İrəlidə də Qara Qarayevlə, Riçard Almeyda. İlk on beş, iyirmi dəqiqə ərzində rəqib qol vura bilməsəydi, ehtiyat edəcəkdi. Belə olsaydı, onlar ilk dəqiqələrdən qol vura bilməyəcəkdilər. Beşinci dəqiqədə vurulan qol, daha sonra Şehiçin ötürmə gözədiyi anda qapıya yönəldilən top müdafiədə həyəcan yaratmağa başladı. İkinci qolu vuran futbolçu özü də oyundan sonra deyib ki, mən ötürmə edirdim. Həyəcanın nəticəsi idi ki, artıq dayaq yarımmüdafiəsində boşluqlar yarandı. Hücuma başlaya bilmirdik. İrəli gedən kimi, onlar dərhal yolumuzu kəsirdi.
- Amma "Qarabağ"ın topa yiyələnmə faizi 46 idi. Bu, heç də aşağı göstərici deyil...
- İkinci qoldan sonra "Çelsi" tədricən oynamağa imkan verdi. Rəqib sanki imkan verirdi ki, "Qarabağ" arxada qısa ötürmələrlə özünə gəlsin. Hücum edəndə, rəqibin cərimə meydançası həndəvərinə qədər gedirdik, ancaq oradan oyana imkan vermirdilər. Sağ və sol cinahlardan yaxşı hücumlarımız olurdu və həmin anlarda təsadüfi qol vura bilərdik. Onlar on yeddi dəfə bizim qapımız qarşısına gəldilər, biz isə yeddi dəfə. Fərqə baxın. Qapıya vurulan zərbələrin sayı "Çelsi"də on, bizdə isə üç idi. Və bundan sonra onlar daha da irəli atıldılar və erkən qoldan sonra daha bir top da vurdular. Biz ilk hissədə irəli getsəydik, çox yaxşı olardı. Çünki fasilədə ikinci hissəyə qədər özümüzə gələcəkdik. Ancaq biz ikinci hissəni gözlədik və sonu da belə oldu. Bu, bir növ səviyyə cəhətdən bizə dərs idi. Əks-hücumda bir-iki epizod oldu. Tədricən olan səhvlər idi. Ardıcıl vurulan qollar "Çelsi"nin səviyyəsindən xəbər verirdi. Tədricən edilən hücumlar başqa, əks hücumlar başqa. "Qarabağ" da əks hücumlara çıxırdı, ancaq irəlidə olan futbolçulara dəstək verə bilmirdilər. Cinahlardan da dəstək verə bilmirdilər. Hücumdakı tək oyunçunu isə iki-üç nəfər bağlayırdı. Ancaq bizim müdafiədə müəyyən dərəcədə ağırlıq var idi. Cəld və çevik olmaqla yanaşı funksional gücdə də olmalısan, çünki sənin qarşındakı rəqib "Çelsi"dir. "İstəyimiz böyükdür" deyirdilər. Ancaq istəyin böyüklüyü o deyil ki, başından yuxarı tullanasan. Uğura, o səviyyəyə doğru getməliyik.
- Ansi Aqollinin yoxluğu özünü necə göstərdi?
- Ansi Aqolli meydanda olsaydı, onların sağ cinahında olan Zappakosta elə at oynada bilməyəcəkdi. Çünki Aqolli həm müdafiədə, hücumlara qoşulmaqda, oyunun tempinin saxlanmasında, həm də komandanı sığortalamaqda çox yaxşı təsir bağışlayır. Bu oyunçu cəld və çevikdir. İstər-istəməz müdafiədə ağırlıq olan kimi, başladıq top itirməyə. Ona görə də, taktiki səhvlər indidən araşdırılmalıdır ki, "Roma" ilə görüşdə həmin səhvlər edilməsin.
- "Qarabağ" növbəti oyununu evdə "Roma"ya qarşı keçirəcək...
- "Roma" ilk turda evində "Atletiko" ilə qolsuz heç-heçə etdiyindən, məcburdur ki, 3 xalı qazanmaq üçün Bakıda hücum futbolu oynasın.
- Qrupdakı komandaların perspektivini necə görürsünüz?
- Mən "Roma" - "Atletiko" oyununa da baxdım. "Atletiko" 90 dəqiqə ərzində onları güclü təzyiq altında saxladı, ancaq qol epizodlarından faydalana bilmədilər. Bununla "Atletiko" "Qarabağ"a bir şans - "Roma"nın oyununu təhlil etməsinə şərait yaratdılar. "Roma"dan qol buraxmaq olmaz. "Qarabağ" qol buraxmasa, "Roma" ardıcıl hücumlar edəcək. "Atletiko" səfərdə "Çelsi"ni udsa 4 xalı olacaq. 3 xal "Çelsi"də, 4 xal "Atletiko"da. Bundan sonra da "Qarabağ" Madridə gedir. Mənim fikirimcə, oyun üslübuna görə, qrupda birinci, ikinci yerlər "Çelsi" və "Atletiko"nundur. "Qarabağ" Bakıda "Roma"ya uduzmasa, sonrakı oyunlarda müəyyən qədər şans qalır.
- "Çelsi"nin keçmiş kapitanı Frenk Lempard "Qarabağ"ın müdafiə xəttini sərt tənqid edib. O, İngiltərədə çıxış edən həvəskar komandaların müdafiə xəttindəki çıxışını "Qarabağ"ın müdafiəsindən üstün sayıb. Bu fikirlərlə razısınız?
- Xəbərim var, onun dediklərini oxumuşam. Lempardın nəyə əsasən belə dediyini izah edim: İlk qolda səhv etdik. Çünki həmin epizodda rəqib futbolçunun qarşısında həmişə oyunçu olur. Bütün futbolçular cərimə meydançası daxilində olduqda, arxaya ötürmə verilir və əksər komandalar da bunu nəzarətdə saxlayır. Oradan vurulan zərbələr qol olduğundan, həmin məqamda futbolçular bunu qarşısını almalıdırlar. Müdafiə toparlansa və Aqolli də qayıtsa, fərqli oyun göstərməlidirlər. Müdafiədə belə oynamaq yolverilməzdir. Çox sadə şəkldə keçirdilər. Lempardda da belə bir fikirin formalaşması bu məqamlardan irəli gəlir. Cinahlardan keçidlər, cərimə meydançası ətrafında arxaya ötürülən topu qola çevirmək və digər amillər. Sanki "Çelsi"nin futbolçusu Mişi Batşuayi məşqdə idi. Lempard Bakıdakı oyunda "Qarabağ"ın müdafiədə dəyişikliklər edərək fərqli oyun göstərdiyini görsə, fikrini dəyişə bilər. Baş məşqçi Antonio Konte də oyundan əvvəl açıqlamasında bildirmişdi ki, Azərbaycanla İtaliyanın oyunlarından 3-4 futbolçu ona tanışdır. Onlar erkən qol vurmasaydılar ehtiyatlanacaqdılar. Bu, onlara böyük stimul verdi, bizi isə şoka saldı. Top saxlayan, əks-hücumlara sürətlə çıxan "Qarabağ" bundan məhrum qalmışdı. Yenə də deyirəm, imkan verilirdi ki, hücum qurulsun. Epozodlarımız da oldu. Ən əsası istək böyük idi. Ancaq tək istəklə hər şey olmur.