"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Neftçi"ni evdə 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının VI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, klub rəsmisi "qırmızı-qaralar"ın oyunundan və hazırkı legioner limitindən narazılıq edib...
- Qalib gəlsək də, komandamızdan razı qalmadım. Daha yaxşı oynaya bilərdik. Futbolçularımız oyunun sonlarınadək bizi həyəcanda saxlayırlar.
- Oyun komponentində Sizi narazı salan məqamlar hansılardır?
- Belə məqamlar həddən artıq çoxdur. İndiki vəziyyətdə bunlar texniki, baş məşqçiyə aid məsələlərdir. Amma məni qane etməyən budur ki, komandamız mənim istədiyim kimi top saxlamır. Bu gün çoxlu sayda imkanın 2-sindən yararlandıq, amma əvəzində müdafiədə xeyli səhv buraxdıq. Nəticədə rəqib komanda qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdı. Məncə, səhvlər həddən artıq çoxdur. Bunların sayı az olmalıdır. Baş məşqçi də, biz də çatışmazlıqları bilirik. Amma bir şey dəqiqdir və altını cızaraq vurğulamalıyam ki, hazırkı limit dəyişdirilməlidir! Qurtardı-getdi. Yerli futbolçu sarıdan axsayırıq. Bu, açıq-aydın görünür.
- Demək istəyirsiniz ki, kimsə məcburiyyətdən oynamamalıdır?
- Mən bu fikri nəticə qazana bilməməyimiz səbəbindən demirəm. Məsələyə ümumi prizmadan yanaşıram. Ola bilsin, "Qarabağ" işlərini bizdən daha yaxşı görür. Bunu qəbul etmək lazımdır. Vaxtında komandanı yaxşı komplektləşdiriblər. Biz isə bunu edə bilməmişik. 2-3 ildir etmək istəyirik, alınmır. Yerli futbolçu yoxdur, qardaş!
- Oyunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə birgə izləyirdiniz. Ona bu barədə fikirlərinizi dediniz?
- O da bu fikirlərlə razıdır. Özünüz də soruşsanız, yəqin ki, təsdiqləyər. Məsələ qaldırmaq lazımdır ki, növbəti mövsümdən limit dəyişdirilsin. Demirik ki, limiti birdəfəlik götürsünlər. Amma süni inkişafla futbolçu üzə çıxartmaq olmaz. Az-çox üzə çıxan futbolçuların heç biri süni yetişməyib. Normal, təbii rəqabət olmalıdır. Futbolçular özlərini öldürməlidirlər ki, əsas heyətə düşsünlər. Arxayın olmamalıdırlar ki, əsas heyətdə 5 azərbaycanlıdan biri kimi meydana çıxacaqlar. Yaş limiti də qoyulub. 21 yaşadək futbolçu da arxayındır ki, onsuz da meydana çıxacaq. Başqa variant yoxdur. Mən də istərdim ki, öz akademiyamızın yetirmələri oynasınlar, irəli getsinlər. Amma belə yox da... Səhvin biri bir qəpikdir. Onu qınamıram, uşaqdır, cəmi 19 yaşı var. Lakin qarşımıza həm Premyer Liqada, həm də avrokuboklarda yüksək hədəflər qoymuşuqsa, bu məsələyə baxmalıyıq. Fikir vermisinizsə, avrokubokdakı oyundan sonra çempionat qarşılaşmasında komanda yox olur. Belə vəziyyətdə baş məşqçini qınamıram. İstənilən halda, oyunumuz belə davam etməyəcək. İnanıram ki, get-gedə istədiyimiz oyunu görəcəyik.
- Komandada maliyyə durumunun yaxşı olmadığı, maaşların gecikdiyi deyilir. Bu məsələyə də aydınlıq gətirərdiniz...
- Sən hardan bilirsən ki, maaşlar gecikir? Belə şeylər hər bir klubda olur. Bəli, bir az gecikmə oldu. Artıq maaşlar verilir. Kiminsə kəsiri varsa, yavaş-yavaş aradan qalxacaq.
- Oyunun sonlarında xoşagəlməz hadisə yaşandı. Deyilənlərə görə, bu, Stiven Jozef-Monrozun matç ərzində ikinci xoşagəlməz hərəkəti olub. İlk epizodda o, baş məşqçi Roman Qriqorçuka cavab qaytarıbsa, ikincidə komanda yoldaşı Ruslan Qurbanovu vurub. Ümumiyyətlə, bu futbolçu ilə bağlı ciddi tədbir görüləcəkmi?
- Rəhbərlik o vaxt futbolçu ilə bağlı qərar qəbul edir ki, baş məşqçi belə istəsin. Yəni, Roman Qriqorçuk istəsə, biz futbolçunu cərimə edə bilərik. Amma sözsüz ki, bu, xoşagəlməz haldır. Ümumiyyətlə, belə halları qəbul edə bilmirəm ki, komanda yoldaşları bir-biriləri ilə kobud rəftar etsinlər. Yəqin ki, məsələ ciddi araşdırılacaq və kim günahkardırsa, çox ciddi cəzalanacaq. Bu, birmənalıdır. Başqa cür ola bilməz. Bu, futbolçu və ya baş məşqçidən asılı məsələ deyil. Birbaşa klubun imicinə toxunan hadisədir və qəbulolunmazdır.
- Bəs kollektivdaxili ab-hava necədir?
- Oyuna baxsaq, deyərik ki, yaxşı deyil. Amma mən komandanın içindəyəm. Futbolçularla, məşqçilərlə tez-tez görüşürəm. Hər şey qaydasındadır. Hamı - futbolçular, kapitan və baş məşqçi çalışır ki, istədiyimiz oyunu sərgiləyək. İnanıram ki, bunu yaxın vaxtlarda görəcəyik. Komandanın bir-iki oyuna düzələcəyinə əminəm.