Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. On birinci yazıda fizioterapevt və masajçılardır söhbət açacağıq.
Azərbaycan Premyer Liqasında çıxış edən klublar məşq və oyunlar zamanı əsas komanda üçün müalicə və masajın təmin edilməsinə görə cavabdeh olan ən azı 1 fizioterapevt təyin etməlidir.
Fizioterapevtin ali tibbi təhsil haqqında sənədi, süsusi masaj kursunu və ya tibb texnikumunu bitirməsi ilə bağlı sertifkatı olmalıdır. Bütün sənədlər müvafiq dövlət orqanları tərəfindən tanınmalıdır. Bu vəzifəni tutan şəxs AFFA-da və PFL-də müvafiq qaydada qeydiyyatdan keçməlidir.
Əslində, fizioterapevt və masajçı oxşar ixtisaslardır. Hər iki vəzifəni tutan şəxslər eyni işləri yerinə yetirirlər. Birincinin digərindən fərqi zədəli futbolçulara bərpa məşqləri keçmə qabiliyyəti və ali təshil haqda sənəd tələb olunmasıdır.
Fizioterapevtin əsas vəzifələri aşağıdakilardan ibarətdir:
- Oyunlar və məşqlər zamanı iştirak etməli və zəruri tibbi yardım göstərməlidir;
- Oyundan ən azı 1 saat öncədən texniki işçilər üçün ayrılmış zonada olmalıdır;
- Komandanın həkiminin göstərişlərinə riayyət etməli;
- Oyun və məşqlər zamanı oyunçuları masaj etməlidir;
"Neftçi”nin masajçısı Əziz Salmanov futbol ictimaiyyəti üçün tanış simadır. Artıq uzun müddətdir bu sektorla çalışmaqla yanaşı, futbol ailəsinin nümayəndəsidir. Atası Sulduz Salmanov 44 il Bədən Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun direktoru olub. Qardaşı Anar Salmanov isə sabiq FİFA referisidir.
Ə.Salmanovun fizioterapevt kimi ali təhsili olmasa da, bu sadə üzrə təsil almağı planlaşdırır. Buna rəğmən, masajçılıq ixtisasına yeyələnmək üçün müxtəlif kurslarda iştirak edib.
- Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunuyam. Futbol sahəsi üzrə təsil almışam, həvəskar səviyyədə oynamışam da. Masajçı ixtisasına malik olmaq üçün kurslara getmişəm. Rusiya, Ukryana və Türkiyədə seminarlara qatılmışam.
- Masajçı olmağınızın tarixçəsi necədir? Məsələn, niyə hakimlik və ya məşqçiliyi deyil, bu istiqaməti seçdiniz?
- 2002-ci ildə Bakıya Ukraynadan bir mütəxəssis gəlmişdi. Həmin şəxsin yanında iki il təcrübə keçdim. Daha sonra hazırlıq kurslarına getmişəm, ixtisasa yeyələnmişəm. Bu gün də öyrənirəm.
- Futbol sektoruna gəlişinizdə qardaşınız – sabiq FİFA referisi Anar Salmanovu rolu olub?
- Xeyr, bu işi qardaşım deyil, atam təklif edib. Bildiyiniz kimi, biz futbol ailəsiyik. Atam Sulduz Salmanov – 44 il Bədən Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun direktoru olub. O, mənə dedi ki, Ukraynadan belə bir mütəxəssis gəlib. Atamın məsləhəti ilə masajçı oldum. Mən bu işə başlayanda Anar hələ futbolçu idi, "Dinamo”da çıxış edirdi.
- İlk iş yeriniz hansı klub olub?
- Bu sahə üzrə ilk çalışdığım klub "Ədliyyə”dir. Daha sonra 2004-cü ildə "Bakı” klubu yeni yaran zaman ora getdim, lakin bir həftə işlədim. Onlar məni əvvəlcə sınaq müddətinə çağırmışdılar. Elə alındı ki, həmin ərəfədə "İnter”dən kokret təklif aldım. Anatoli Konkovun vaxtında orada fəaliyyət göstərməyə başladım.
- Bir masajçı kimi öhdəlikləriniz hansılardır?
- Biz həkim nəzarəti altında çalışan şəxslərik. Həkimin göstərişlərini yetiririk. Futbolçuların bərpa və müəalicəsi ilə məşğul oluruq. Müasir futbolda bərpa prosesi çox əhəmiyyətlidir. Deyərdim ki, əsas amillərdən biridir. Lazımı bərpa keçməyən oyunçu öz potensialını meydanda göstərə bilmir. Yorğunluq əlamətləri və ağrılar olur. Masaj prosesidir, xüsusi buz vannalarıdır, matçlardan sonra bərpa məşqləridir, hovuz, sauna və digər məsələlər var. Həmçinin məşq və oyundan əvvəl problemli olan futbolçular bizə müraciət edirlər. Məsələn, əzələlərini qızışdırırıq, ayaqlarına "bandaj” qoyuruq.
- "İnter” və "Neftçi”dəki işiniz arasında nə kimi fərq var?
- Biz yerimizdə dayanmırıq, daim öz üzərimizdə işləyirik. Zaman keçdikcə hər həkimədən bir şey götürürük, təcrübəmizi artırırıq. Həkimlərin hərəsinin öz iş prinsipi var. Həmçinin hər bir baş məşqçinin fərqli bərpa prosesi ola bilər. Bunlara uyğun hərəkət edirik.
- Yerli futbolçularla işləmək asandır, yoxsa əcnəbilərlə? Hansılar daha çox sizə müraciət edir?
- Bu, futbolçunun fərdi hazırlığından asılı olan məsələdir. Legioner də müraciət edə bilər, yerli də. Təbii gücü çox olanlar həkimlərə və ya fizioterapevtlərə daha az müraciət edirlər. Fiziki durumu zəif olanlar daha çox yaxınlaşırlar. Oyunçu özünü yorğun hiss edirsə, gəlib bərpa olunmalıdır.
- Qardaşınız Anar Salmanov sizin çalışdığınız komandaların oyunlarını idarə edən zaman bəzən söz-söhbətlər yaranırdı. Deyirdilər ki, sizin işlədiyiniz kluba kömək edir. Bu cür iddialar sizə necə təsir edirdi?
- Mənim ixtisasımı necə sevdiyimi futbolçular da bilir. Belə söhbətlərə fikir verməmişəm. Yenə deyirəm, biz futbol ailəsiyik. Qardaşımın mənə görə komandama kömək etməsi absurddur. Belə çıxır ki, kiminsə qardaşı və ya yaxını hakimlik edirsə, həmin adam futbolda ola bilməz? Bu, düzgün yanaşma deyil. Hər kəs özünə cavabdehdi. Bu gün Şahin Diniyev "Kəpəz”in baş məşqçisidir, amma oğlu Kərim "Qarabağ”ın heyətində onun komandasına qol vurur. Yəni, futbolda belə şeylər çox olur. Hər birimiz bir sənət seçmişik və ailə sahibiyik. Kiminsə nəsə deməsi ilə ixtisasımı dəyişəsi deyiləm ki. İşimi sevirəm və bunun sayəsinə ailəmi təmin edirəm.
- Klubda çalışmaq həm oyunlar zamanı komanda ilə birgə həyəcan keçirmək deməkdir. Bu baxımdan hansısa maraqlı vəziyyətlə üzləşmisiz?
- Bu cür hallar çox olub. Məsələn, 2014-cü ildə "Neftçi” Avropa Liqasının qrup mərhələsində Serbiyada "Partizan”la oynayırdı. Orada 2:3 hesabı ilə uduzduğumuz görüşün hakimi türkiyəli Hüseyn Göçek idi. Sabiq futbolçumuz Julius Vobay epizodların birində zədələndi. Çıxıb yardım göstərdik. Sonra meydanın əks tərəfi ilə öz skamiyamıza qaydırıq. Bu vaxt nəsə oldu Vobay əlini gözünə tutdu. Baxdıq ki, hakim də əlini qaldırıb. Bizə işarə etdiyini fikirləşib tez meydana qaçdıq. Referi bizi görən kimi "abi ne yapıyorsunuz”, - dedi. Sən demə, Göçek sərbəst zərbə təyin etdiyi üçün əlini qaldırıbmış. Bizə görə oyun dayandı. Xüsusilə beynəlxalq matçlarda həyəcan öz sözünü deyir. Çünki komanda ilə yaşayırsan, kollektivlə birgə yaxşı nəticələr qazanmaq üçün əlindən gələni edirsən.
- İxtisasınızı artırmaqla bağlı nə kimi planlarınız var?
- Əsas istəyim Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni açılacaq fizioterapiya ixtisası üzrə təsil almaqdır. Orada dərslərin ingilis dilində aparılması planlaşdırılır. Həmçinin müxtəlif kurslar da iştirak edəcəm. Daim yenilikləri izləmək lazımdır.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir