Topaz Premyer Liqasının IX turunda səfərdə "Səbail”ə 0:1 hesabı ilə yenilən "İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, gürcüstanlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- 3 oyundur məğlub oluruq. Son vaxtlar lazımi səviyyədə oynamırıq. Son vaxtlar 8-9 oyunçu ilə məşq edirik. Rauf Əliyevin gedişindən sonra hücumçu mövqeyində çətinliyimiz var. Nizami Hacıyev məşq etsə də, hələ tam hazır deyil. Denis Silva də xəstə olduğundan, bu gün çıxış edə bilmədi. Düzdür, bunu bəhanə etmirəm, ancaq heyət cəhətdən problemlərimiz var. Əvvəl də dediyim kimi, qışa kimi əzab çəkəcəyik. Bundan sonra yeni oyunçular cəlb edərək, vəziyyəti düzəldə bilərik. "İnter” adı ilə son oyunumuza çıxdıq. Buna görə, bu gün qalib gəlmək istəyirdik. Ancaq alınmadı. Futbolçularıma təşəkkür edirəm. Məncə, onlar bu müddət ərzində "İnter” adına layiq çıxış etdilər. Növbəti turdan "Keşlə” adı altında oynayacağıq.
- Komandada bu gün sanki aqressiya çatışmırdı. Komanda cinahlarda zəif təsir bağışlayırdı. Buna səbəb nədir?
- Son bir ay ərzində 9-10 futbolçuyla məşq etmişik. Bu oyunçularla tam hazır olmaq, keyfiyyətli məşq keçmək mümkün deyil.
- İkinci dövrənin bitiminə 5 tur qalıb. Hansı oyunçuların komandaya cəlb edilməsi və ya maliyyə məsələsi ilə bağlı rəhbərliklə danışmısınız?
- Bəli, rəhbərliklə danışmışam. Bir neçə mövqeyə yeni futboçuların cəlb edilməsini planlaşdırırıq.
- Bu futbolçular yerli olacaq, yoxsa legioner?
- Çox istərdik ki, yerli futbolçu cəlb edək. Ancaq bu, çox çətin olacaq. O ki qaldı legionerə, məncə, bunu həyata keçirə bilərik.