"Sonuncu turda "Sumqayıt”a uduzmaqla cari mövsümdə ilk dəfə məğlub olduq. Ona görə də istər-istəməz komandada ruh düşkünlüyü var”. Bunu Sportnet.az açıqlamasında "Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
O, bildirib ki, komanda Topaz Premyer Liqasının X turunda "Qəbələ” ilə görüşə köklənməyə və ruh düşkünlüyünü aradan qaldırmağa çalışır: "Qəbələ” son illər stabil oyun nümayiş etdirən komandadır. Ötən tur evdə "Qarabağ”ı məğlub etdilər. Ondan əvvəl isə çətin Sumqayıt səfərindən 3 xalla qayıtmışdılar. Bu da onların necə güclü olmasından xəbər verir. Buna baxmayaraq biz də yaxşı hazırlaşırıq, rəqibi analiz edirik. Heyətlə bağlı ciddi problemimiz yoxdur. Öz meydanımızda ən azı məğlub olmamağa çalışacağıq”.
"Zirə” "Qəbələ”yə qarşı keçirdiyi son 6 matçda qalib gələ bilməsə də, ilk dövrədə 3 xal qazanmağa yaxın idi. A.Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə keçirdiyi matçın 74-cü dəqiqəsində Viktor İqbekoyinin qolu ilə önə keçsə də, Cavid Hüseynov 90+1-ci dəqiqədə hesabı bərabərləşdirdi. Baş məşqçi hesab edir ki, "Qəbələ” ilə oyun iddialılar sırasında qalmaq üçün önəmli olsa da, həlledici deyil: "Çempionatda hər oyun vacibdir. İki-üç oyun uduzmaq reysdən çıxmaq demək deyil. Hələ vaxt çoxdur. Həlledici oyunlar qabaqdadır. Aradakı xal fərqi elə də böyük deyil. Məsələn, "Sumqayıt” bir qələbə ilə aramızdakı fərqi 5 xala endirdi. "Neftçi”nin durumu da ağır idi. Lakin Tərlan Əhmədovun gəlişindən sonra ardıcıl 3 qələbə vəziyyəti dəyişdi”.
Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək "Zirə” – Qəbələ” matçı saat 17:00-da başlayacaq.