"Keşlə"nin kapitanı Nizami Hacıyev "Kəpəz"ə evdə 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının X tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yeni adla ilk oyunda məğlub oldunuz. Ad dəyişikliyinin fərqi var idi?
- Xeyr. Nə ad? Sadəcə, camaat gəlmişdi. İstəyirdilər ki, yaxşı nəticə əldə edək. "Kəpəz" bu gün bizdən həqiqətən də yaxşı oynadı. Biz isə təəssüf ki, yaratdığımız qol imkanlarından yararlana bilmədik. Nə edək? Deyə bilərəm ki, artıq güc yoxdur. Həqiqətən də oynamağa güc qalmayıb. Zədədən təzə qayıtmışdım özümü yaxşı hiss eləmirdim.
- Komanda çox həvəssiz görsənirdi...
- Hər şey pul demək deyil. Rəhbərlik əlindən gələni eləyir. Münasibət pis deyil. Bu barədə danışmaq istəmirəm. Yalan danışmağı sevmirəm. Bu gün artıq ailəmi fikirləşməliyəm. Nəyisə düzgün istiqamətdə dəyişməyə gücüm olsun. Əlimizdən gələni edirik. Oyunumuz alınmır. Oyun sistemimiz pis deyil yaxşıdı. Son nöqtəni qoya bilmirik. Bu hamımızın səhvidi. Baş məşqçidən tutmuş futbolçulara qədər. Komandada istək var, amma fayda verə bilmirik. Gələcəkdəki oyunları fikirləşməliyik.
Çıxış yolun nədə görürsən?
- Bir çıxış yolu var oda qələbədi. Əlimizdən gələni edib qələbə qazanmalıyıq. Bu gün komanda adına layiq olan yerdə deyil. Adın fərqi yoxdu "Keşlə" və ya "İnter". Psixologiyamızda biraz problemlər var. Narahatçılıqlar var. Qeyri müəyyənlik var. Növbəti tur "Sumqayıt"la oynayırıq. Həmin matç da çətin olacaq. Deməyə sözüm yoxdu.
- Belə davam etsə səni yanvarda "Keşlə"də yox "Neftçi"də görə bilərik?
Əvvəl demək olardı ki, "İnter"di komandanı tək qoya bilmərəm. İndi isə bahənə var. Komandanın adı "İnter" yox artıq "Keşlə"dir. Mənim bu komandada qalmağımın səbəbi var. Müəyyən insanlar var ki, onlara görə burdayam. "Neftçi"dən təklif var idi. Müqavilə imzalayacaqdım. Bütün məsələlər həll olunmuşdu. Son anda rəhbərliklə münasibətə görə komandada qaldım. Sözümün üstündə durmağı seçdim. "Keşlə"də qalacağıma rəhbərlik və ikitərəfli razılıq əsasında qərae verəcəyik. İlk dövrənin bitməyinə 4 tur qalıb. Bu zaman ərzində komanda üçün əlimdən gələni edəcəm.
- Prosineçkinin millidən getməsi barədə nə düşünürsən?
- Fərqi yoxdu Prosineçki olmasın başqası olsun. Köhnə hamam köhnə taz. Hər dəfə eyni heyyət çağırılır. Bəlkədə klubu dəyişmək lazımdı. Ya da milli düşməkdən ötrü oynamamaq lazımdı. Milli komandaya kim gələcək bilmirəm. Çalışıram yığmaya düşəm. Bu bir fəxrdi.
- Sən kimin gəlməyini istəyərdin. Yerli yoxsa xarici?
- Yerli biraz çətindir. Nəticələrə nəzər salsaq Qurban Qurbanov layiqdir. Cavan və təcrübəlidir. Futbolçularnan yaxşı çalışan baş məşqçidir. Xaricilərdən isə deyə bilmərəm.