"Əsas odur ki, qəlbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Oyun zamanı çox gərgin görünürdünüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?
- Bunun birinci dəfə şahidi olurdunuz? (gülür).
- "Qarabağ”la oyunda daha sakit idiniz...
- Rəqiblərimizin hər birinə hörmət edirəm. "Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə hər epizoda belə emosional münasibət bildirmirdim.
- Rəqibin baş məşqçisi dedi ki, "Qəbələ”dən daha güclü oyun gözləyirdi...
- Bu, onun fikridir. Həmkarımın fikirlərinə hörmət edirəm.
- Yaranacaq fasilədə hansı planlarınız var: Ölkə xaricinə səfər gözlənilir?
- Heç bir planımız yoxdu, yəni, ölkə xaricinə yollanmayacağıq. Burada təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.
- Qarşıda "Neftçi” ilə oyununuz var. Ardıcıl 4 matçda qalib gəliblər...
- "Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də bu komandanın layiq olmadığı yerdə olduğunu bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək.