1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ulduz xəstələri", yoxsa "xəstə ulduzlar"?
Təbriz QULİYEV
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində "Dalğa Arena”da 5 günə 2 oyun keçirdi. Samir Ələkbərovun baş məşqçi olduğu kollektiv nə Almaniya, nə də Kosova ilə görüşdə qol vura bildi. Bundestimlə görüşdə qapısından 7 top buraxan meydan sahibləri UEFA-ya yeni üzv olan rəqibini belə yenməyi bacarmadı.
Almaniya ilə görüşdəki uğursuzluğu bəlkə də qəbul etmək olardı. O mənada ki, rəqib həqiqətən də güclü, qrupun lideri idi. Amma Kosovaya qarşı görüşdə nəticə bir tərəfə, iki futbolçu qırmızı vərəqə alaraq, komandanı ilk xaldan da məhrum etmə təhlükəsi ilə üz-üzə qoydu. Anton Krivotsyuk və İlkin Sadıqovun son dəqiqələrdə məsuliyyətsiz davranışları Azərbaycan millisinə az qala növbəti biabırçılıq yaşadacaqdı. Bu mənada 9 futbolçu ilə ilk xalı qazanmağa bilmirsən sevinəsən, yoxsa...
U-21 əsas millinin dayağı sayılmalıdır. Onların gələcəkləri hələ qabaqdadır, peşəkar futbolçu karyeraları yeni başlayıb. Əsas millinin də baş məşqçisi təzədir. Hər iki oyunu canlı izləyən Qurban Qurbanovun gözünə girməyi bacarmaq lazımdır.
Amma belə oyunçular, rəqib baş baş məşqçini hamının eşidəcəyini bilə-bilə biədəb ifadə ilə söyən Samir Ələkbərov bir mütəxəssis kimi Azərbaycan futboluna nə verəcək?
Niyə yığmaya milliləşdirilmiş futbolçular cəlb olunur? Məgər öz klublarımızda azərbaycanlı qapıçı yoxdur? Mustafa Kemal Özhitay və Sərkan Baloğlu bu milliyə, bu komandaya, ümumiyyətlə Azərbaycan futboluna lazımdırmı? Nə vaxtadək kənardan futbolçular çağıracağıq? O qapıçının çıxış etdiyi "SSV Ulm 1846” klubunu kimsə tanıyırmı? Əlbəttə, yox! Millidə çıxış etməyə qapıçı axtarırsızsa yerli birini tapın. Heyətə çağırdığınız yerli qapıçılara forma şansı verin. Sərkan Baloğlu da onun kimi. Türkiyədə "Eyyubspor” kimi klubdan müdafiəçi gətirib, milliləşdirib oynadırsansa, sən ya bu ölkənin futbolunun inkişafını istəmirsən, ya da...
U-21 cari seçmə mərhələdə 5 oyunda meydanda çıxıb və qapısından 19 qol buraxıb. Əsas millinin baş məşqçisi Qurban Qurbanov zədəli olduğuna görə yığmaya çağırılmayan Ramil Şeydayevdən başqa, bu futbolçuların hansına güvənib əsas milliyə dəvət edər? Futbolçuda istək olmalıdır. Meydana nəyə görə çıxdığını bilməlidir. Mübarizə aparmalıdır. U-21 üzvlərinin yarısından çoxu öz klublarında oynayırlar. Oynayırlar deyəndə ki, çoxu limitə görə meydanda olur. Buna görə də onlarda arxayınçılıq yaranıb.
Bunlar bir yana, U-21-in və "Neftçi”nin futbolçusu Elnur Cəfərov Almaniyaya 0:7 hesabı ilə məğlub olduqları oyundan 1 gün sonra sosial şəbəkədə bahalı avtomobillə şəklini, əyləndiyini əks etdirən fotosunu paylaşır. Bu azmış kimi onu tənqid edən azarkeşi təhqir edir və söhbətə çağırır. Beləsinin danışmağa dili belə olmamalıdır. Amma o, utanmaz-utanmaz azarkeşi söhbətə çağırır. Yaxşı ki, "Neftçi” klubu onun hərəkətlərini cəzasız qoymadı. Baş məşqçi Tərlan Əhmədov Cəfərovu sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirdiyi üçün əvəzedici komandaya göndərdi.
Futbolçusansa, tənqidlərə açıq olmasısan. Milli formanı geyinmək hər bir gənc futbolçunun xəyalıdır. Sən olmayacaqsan, başqası geyinəcək o formanı. Cəfərov Kovova ilə oyundan sonra jurnalistlərə açıqlama vermək istəmədi. Güya ona kimlərinsə qadağa qoyduğunu dedi. Amma mən inanmıram ki, "Neftçi” kimi klub futbolçunun mətbuatla ünsiyyətdə olmasına mane olsun.
Elə Anton Krivotsyuk də müsahibə istəyinə etinasız yanaşdı. Futbolçu bu qədərmi tez ulduz xəstəliyinə tutular. Halbuki, onlar hələ bu xəstəliyə tutulacaq heç bir şey etməyiblər. Onlar hələ ki, "ulduz xəstələri" yox, "xəstə ulduzlar"dırlar.