"Turun son matç idi. Bizdən öncə əsas rəqiblərimiz həftəni 3 xalla başa vurmuşdular. Buna görə, bu gün qalib gəlməli idik. Oyundan razı qaldım. İki dəfə hesabda geridə olsaq da, əzmkarlıq göstərərək, vacib qələbə qazandıq”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Neftçi"ni 3:2 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Ucaboy müdafiəçilərə sahib olsanız da, standart vəziyyətlərdə qollar buraxırsınız. Bunun səbəbi nədir?
- Düzdür, boy cəhətdən hündür oyunçularımız var. Lakin hər şey boydan asılı deyil. "İkinci mərtəbə”də oynamağı bacarmaq lazımdır. Standart vəziyyətlər zamanı çox həyəcan keçiririk. Bunun üzərində işləmək lazımdır.
- Hesab 2:2 olan zaman hansı hissləri keçirirdiniz?
- Həmin anda nəticə barədə düşünmürdüm. Oyunun sonuna hələ vaxt var idi. Sadəcə, necə qələbə qazana biləcəyimizi düşünürdüm.
- Oyunda çox erkən əvəzləmə etdiniz. Elvin Məmmədovun yerinə Ruslan Qurbanova şans verdiniz. Belə tez əvəzetməyə səbəb nə idi?
- Qola qədər Elvin səhv etdi. Standart vəziyyətdə də həmçinin. Bu cür səhvə yol verməməli olduğunu demişdik. Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil. Sadəcə, yenidən eyni səhvə yol verməsin istəmədim.
- "Neftçi” ilə ilk oyundakı qələbə ilə bu qələbə arasında nə kimi fərq görürsünüz?
- Birinci oyundan da öncə demişdim ki, "Neftçi” güclü komandadır və turnir cədvəlində öz yerində deyil. Bu komandanın potensialı var və bunu nümayiş etdirir. Bu gün bunun bir daha şahidi olduq.
- Qış fasiləsi ilə bağlı hansı planlarınız var?
- Planlar yalnız kağız üzərində olur. Təəssüf ki, keçən il belə hal olmuşdu ki, planlaşdırdığımız oyunlar sonra baş tutmadı. Ona görə də, əvvəlcədən nə isə demək istəmirəm. Bununla bağlı komandanın meneceri Səbuhi Səfiyarlıya müraciət etməyiniz məsləhətdir.
- Keçən mövsüm əsas heyəti daha tez formalaşdırmışdınız, bu mövsümdə isə hələ də axtarışdasınız...
- Bununla razıyam. Bu il əsas heyətimiz tam formalaşmayıb. Bunun da bir neçə səbəbi var. Məsələn Ozobiçin zədələnməsi kimi. Qış fasiləsindən sonra əsas heyəti formalaşdıra biləcəyik.