"Sumqayıt"ın futbolçusu Rail Məlikovun səfərdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIV tur matçından sonra Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına müsahibəsi...
- Oyun barədə nə deyə bilərsiniz?
- Çempionatın axırıncı turu idi. Komandalar qış fasiləsinə yollanır. Çətin oyun olacağını bilirdik. Gəncədə oynayırdıq. "Kəpəz" öz meydanında yaxşı oyun sərgiləyir. Oyunun başlanğıcı ağır oldu. Bu matçda istədiyimiz nəticəni əldə etdik və qələbə qazandıq. Biz çox sevinirik. Yaxşı əhval ruhiyyədə qış fasiləsinə yollanırıq.
- 3:0 - böyük hesablı qələbə deməkdir. Bu nəticəni gözləyirdiniz?
- Düşünürdük ki, ilk topu tez vursaq, böyük hesablı qələbə qazana bilərik. Məşqçi heyəti oyunu düzgün analiz etmişdi. İkinci hissədə yaxşı oynadıq. Rəqib ikinci qolumuzdan sonra ruhdan düşdü. Biz də bundan istifadə etdik və 3-cü qolu vurduq. Əsas odur ki, istədiyimiz nəticəni qazandıq.
- Kubok matçında "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyun barədə ne deyə bilərsən? Növbəti mərhələ realdırmı?
- "Sumqayıt" ardıcıl ikinci dəfədir "Qarabağ"a kubokda rəqib olur. Şeytanın qıçını qırmağa çalışacağıq. Ağır oyun olacaq. Həmin qarşılaşmaya ciddi hazırlaşacağıq. Artıq vaxtıdır. "Qarabağ"a qarşı nəsə etmək lazımdır.
- "Qarabağ"ı keçmək olar?
- Əlbəttə olar. Keçilməyən komanda yoxdur.
- Gündəmi zəbt edən məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik. Nizami Hacıyev və Mirhüseyn Seyidov futboldan kənarlaşdırıldılar. Bu barədə nə deyə bilərsiniz?
- İkisi də mənə çox yaxın insandır. Bu barədə nəsə deməyə ehtiyac yoxdur. Araşdırsınlar, ondan sonra danışaq.
- Araşdırılmasa, onlara cəza verilə bilər?
- Bəlkə də onlar günahsızdırlar. Bu barədə heç nə danışmaq istəmirəm. Olmasaydı, lap yaxşı olardı.
- Səncə, oyun alqı-satqısı olubsa, onlara ömürlük cəza ədalətli qərardır?
- Əllərində həqiqətən sübut varsa, başqa məsələ. Mən istəyirəm ki, onlar sərbəst olsunlar. Futbolda qalsınlar. Bu barədə ümumiyyətlə danışmaq istəmirəm.
- Hadisədən sonra onlarla danışmısanmı? Danışmaq fikrin varmı?
- Onların heç biri ilə danışmamışam. Fürsət düşməyib. Səfərə gəldik, ona görə. Bakıya qayıdanda görüşə bilsəm, danışacağam.