"Səbail"in kapitanı Eltun Yaqublu klubun saytına müsahibə verib.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Nə üçün futbolçu olmağa qərar verdiniz?
- Futbola uşaqlıqdan böyük həvəsim olub. Hər futbolçu kimi mən də məhəllədə oynayaraq başlamışam. İlk başlarda ailəm futbolçu olmağıma qarşı çıxsa da, daha sonra dayımın məni dəstəkləməsi ilə futbola başlaya bildim.
- Karyeranızın ən önəmli matçı və ya ən unudulmaz anı hansı idi?
- Deməzdim ki, karyeramda çox da böyük oyunlar olub. Amma "Neftçi" - "Zirə" kubok oyununu qeyd etmək istərdim, hansı ki, mərhələni keçdiyimiz üçün çox sevinmişdik. Bu oyuna görə üstümüzdə çox böyük təzyiq var idi.
- Futbolda kumiriniz kimdir?
- Futbolda kumirim yoxdur, lakin ən sevdiyim oyunçu kimi Kriştiano Ronaldonu qeyd etmək istərdim.
- Hobbiniz nədir?
- Mənim film və kitablara çox da marağım yoxdu. Lakin özümü əsl avtomobil həvəskarı adlandıra bilərəm.
- Sevdiyiniz film, kitab və ya musiqi hansıdır?
- Ən çox Özcan Denizin filmlərini bəyənirəm. Azərbaycan filmlərindən isə, "Təhminə və Zaur"u çox xoşlayıram. Bəyəndiyim musiqilərə gəldikdə isə, əsasən xarici musiqilərə üstünlük verirəm. Eyni zamanda bəzən zövqümcə olan yerli musiqiləri də dinləyirəm.
- Həyatda hansı prinsiplərə üstünlük verirsiniz?
- Hər zaman ətrafımda dürüst və səmimi insanlar olduğu üçün, bu kimi prinsiplər mənim üçün həyatda çox önəmlidi.
- İnsanlarda ən çox dəyər verdiyiniz nədir?
- Hər bir insan fərqli tərbiyə olunur və fərqli düşüncədə böyüyür, amma insanda ən çox dəyər verdiyim dürüstlükdü. Uşaqlıqdan bu dəyərlə böyümüşəm. İlk məşqçim İslam Kərimovun bir sözü heç vaxt yadımdan çıxmır - "Ən yaxşı biclik düzgünlükdü ".
- Karyeranızda əsas məqsədiniz nədir?
- Karyeramda böyük uğurlar olub deməzdim, komandam ilə birlikdə Avropa Liqasında ilk yerlərdə qərarlaşmaq, möhtəşəm hiss olardı. Əlavə olaraq, hər bir yerli futbolçu kimi mənim də arzum milli komandanın formasını geyinib beynəlxalq arenada ölkəmizi təmsil etməkdi.
- Gənc futbolçulara nə kimi məsləhətiniz var?
- Gənc futbolçulara məsləhətim, öz üzərlərində çalışmaları yöndədi. Digər işlərdə 50-60 yaşa kimi çalışmaq mümkündü, lakin futbolçu karyerası qısa olur. Tutaq ki, futbolçu 20 yaşında parlasa və 30 yaşına kimi oynasa, bu on ili maksimum dərəcədə dəyərləndirmək lazımdı. Məsələn mən bəzi illərimi düzgün dəyərləndirmədiyim üçün təəssüflənirəm. Mümkün qədər əyləncəyə, kafelərə az zaman ayırıb, məşqlərə daha ciddi yanaşmaq lazımdı.
- Azarkeşlər haqqında nə demək istərdiniz?
- Gənc komanda olmağımıza baxmayaraq, hər oyunda azərkeşlərimizin sayı daha da artır. Hətta biz öz aramızda söhbət edərkən "meydança tam dolsa daha maraqlı" olar deyirik. Sonda azarkeşlərimizə bizə hər zaman dəstək olduqları üçün təşəkkür etmək istəyirəm.