"Gürcüstan futbolu bataqlıqdadır. Hələ indi biz yavaş-yavaş bu bataqlıqdan çıxmağa başlayırıq. Futbolun İnkişafına dair Dövlət Proqramı tam iflasa uğrayıb. Belə getsə, klub futbolumuz ləğv olunacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Bakı" klubunun və Gürcüstan milli komandasının sabiq futbolçusu Georgi Popxadze Lelo nəşrinə müsahibəsində deyib. 32 yaşlı müdafiəçi öz ölkəsinin futbolunda çoxlu problem var: "Necə ola bilər ki, oyunçu 1500 lari əmək haqqı alsın? Axı onun karyerası çox qısadır. Bax, buna görə bir çoxları futboldan qaçır və digər sahələrdə - bank və ya hansısa xidmətdə işləməyə çalışırlar. Hamının şəxsi problemləri var. Gürcüstan futbolunun əsas problemi isə idarəçilikdir. Cəsarətlə deyə bilərəm ki, futbolumuz qeyri-peşəkarların əlindədir. Yalnız 4 klubu qeyd edərdim ki, onların özünəməxsus inkişaf planları var. Bunlar "Dinamo", "Lokomotiv", "Saburtalo" və "Torpedo"dur. Fonddan sərf olunan pulların hara getdiyinə nəzarət etmək lazımdır. Bu vəsait insanlarındır və biz çoxlu çətinliklərin olduğu ölkədə yaşayırıq. Gürcüstan futbolunda ciddi problemlər var və bunu heç kim inkar etmir".
Popxadze Azərbaycan və Gürcüstan futbolunu da müqayisə edib: "Artıq Orta Asiya ölkələri və Azərbaycan bizi ötüb. Azərbaycanda ideal şərtlər altında oynamışam. Həmin şərtlərin yarısı bizdə olsaydı, futbolumuzdakı vəziyyəti dəyişə bilərdik. Baş verənlərin hamısından xəbərdarıq. Ortabab klublardan da geri qalırıq, sonra da öz oyunçularımızı acılayırıq. İnsanların qəzəbinin səbəbi aydındır. Amma inanın, buna görə futbolçu günahkar deyil. Hətta olsa belə, ən sonuncu günahkar odur".
Qeyd edək ki, Georgi Popxadze "Bakı" komandasının formasını 2012-2013 mövsümündə geyinib. Bundan başqa Popxadze Avstriya "Şturm"u, Polşa "Yagelloniya"sı və Albaniya "Flyamurtari"sində legioner həyatı yaşayıb. Azərbaycan və Gürcüstan milliləri fevralın 2-də Türkiyənin Antalya bölgəsində yoldaşlıq görüşü keçirəcəklər.