Rusiyanın "Lokomotiv" klubunun prezidenti Nikolay Naumov 2008-ci ilə ulduz futbolçu Neymarı 10 milyon avroya heyətlərinə qatmaq şanslarının olduğunu söyləyib.
Sportnet.az xəbər verir ki, klub prezidenti futbolçunun sabiq klubu "Santos"un Neymar üçün 10 miyon avro tələb etdiyini və Moskva təmsilçisinin bu keçiddən imtina etdiyini deyib.
"Sport-Express"ə açıqlama verən Naunov maraqlı fikirlər səsləndirib: "Onun oyununa Ağdəniz Turnirində baxdıq. Klub nümayəndələri Neymarı Braziliyada da izləyib. İki problem var idi. Birincisi o, çox gənc idi. İkincisi isə Rusiyaya uyğunlaşa bilməməsindən qorxduq. 10 milyon avro yüksək məbləğ idi. Neymarın o çempionatda digərlərindən daha yaxşı çıxış etdiyini xatırlamıram. Biz finalda onlara məğlub olduq. Amma komandamızın gənc futboçusu Alan Qataqov hamıdan daha yaxşı görsənirdi".
Qeyd edək ki, Neymar 2009-cu ildən Braziliyanın "Santos" klubunun əsas komandasında çıxış edib və 2013-cü ildə "Barselona"ya transfer olub. O, 2017-ci ildə isə transfer rekordu qıraraq, 222 milyon avro qarşılığında Fransanın PSJ klubuna keçib.
Xatırladaq ki, Alan Qataqov son olaraq Estoniyanın "Levadiya Tallin" klubunun formasını geyinib və bir ilə yaxındır ki, klubsuzdur.